Abşeron rayonunda 11 hektardan çox sahəsi olan futbol klubu 15 milyon manata satışa çıxarılıb. Sportnet.az-ın məlumatına görə, bu barədə tap.az-da elan yerləşdirilib.
Həmin klubun adı açıqlanmasa da, Azərbaycan çempionatında çıxış etdiyi, habelə, bütün avadanlığı və biznesi ilə birgə satışda olduğu vurğulanıb. Maraqlananlar üçün Əşrəf adlı şəxsin mobil telefon nömrəsi də elanda əksini tapıb.
Həmin şəxs özünü "potensial müştəri" kimi təqdim edən Sportnet.az-ın əməkdaşına bildirib ki, ərazinin harada yerləşdiyini yalnız görüşüb üz-üzə söhbət etdiyi vaxt deyə bilər. O, klubun adını da açıqlamayıb.
İndiyədək Azərbaycanda peşəkar səviyyədə Abşeronu yalnız eyniadlı komanda təmsil edib. Bu klub 2010-2011 mövsümündə I Divizionun qalibi olsa da, Premyer Liqaya buraxılmayıb və nəticədə fəaliyyətini dayandırıb. Üstəlik, bu klubun nə bazası, nə də stadionu olub.
Hazırda Abşeronda müasir bazaya məxsus klub "Əlincə"dir. Masazır qəsəbəsində "Əlincə Arena" 13 min nəfərlik tamaşaçı tutumuna malik böyük stadiona və bir neçə meydançaya malikdir. Lakin "Əlincə"dən Sportnet.az-a bildirilib ki, satılan klub onlar deyillər.
Belədə yeganə ehtimal "Bakı" klubu qalır. Bu klubun yerləşdiyi Biləcəri qəsəbəsi Binəqədi rayonu ərazisinə düşsə də, Abşerona da yaxın sayılır. Üstəlik, komandanın hazırkı durumu hamıya məlumdur. Lakin icraçı direktor Yaşar Seyidov "Bakı"nın satılmasının qeyri-mümkünlüyünü bildirib: "Bizim bazada əmlak klubumuza məxsus olsa da, ərazi başqa qurumundur. Buna görə də bazamızın satılması hüquqi məsələlər həllini tapmadan mümkün deyil. Həm də inanmıram ki, bu böyüklükdə bazamızın 15 milyon qiyməti olsun. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bazamıza 30 milyon manat qiymət qoyub".
Qeyd edək ki, Abşeronda bazanı satışa çıxaran şəxslə özünü "potensial müştəri" kimi təqdim edən Sportnet.az əməkdaşı arasındakı görüşün vaxtı hələ müəyyənləşməyib.