"Soccer.ru" saytı keçmiş SSRİ-də 1980-ci illərin ən yaxşı qapıçıları haqqında yazı hazırlayıb. Sportnet.az-ın məlumatına görə, yazının birinci hissəsində siyahıya "Neftçi"dən Vyaçeslav Çanov və Sergey Kramarenko da daxil edilib.
Karyerasına Donetsk "Şaxtyor"undan başlayan Vyaçeslav Çanov sonradan komandada yerini kiçik qardaşı Viktor Çanova verib. Özü isə Moskva "Torpedo"sunun təklifini qəbul edib. O, əvvəlcə 1979 və 1980-ci illərdə komandanın güclülər dəstəsində qalmasına, 1981-ci ildə 5-ci yeri tutmasına kömək edib. Nəticədə qapıçı "Oqonyok" jurnalı tərəfində ölkənin ən yaxşı qapıçısı sayılıb.
Yazıda bildirilir: "Vyaçeslav sadə, amma etibarlı oynayırdı. Müdafiəyə inamla rəhbərlik edir, öz qapısı qarşısındakı təhlükəli vəziyyətlərin sayını minimuma endirirdi. Öz reaksiya və intuisiyası ilə penalti vuranlarla "duel"lərdən heç də az qalib ayrılmayıb".
1982-ci ildə Vyaçeslav Çanov dünya çempionatında iştirak üçün SSRİ yığmasının tərkibinə daxil edilib. Mundiallar tarixində ilk dəfə komandaların iştirak ərizəsində iki qardaş qapıçı yer alıb. Lakin İspaniyadakı çempionatda qapını Rinat Dasayev qoruyub. Vyaçeslav Çanov 1984-cü ildə SSRİ-nin olimpiya yığmasının tərkibində Los Anceles olimpiadasında iştirak edə bilərmiş. Amma SSRİ rəhbərliyinin siyasi qərarı üzündən ABŞ-a yollanmaq mümkün olmayıb.
Elə həmin il əlini sındıran 33 yaşlı qokiper "Torpedo"ya lazım olmayıb. Lakin o, karyerasını bitirməyib və Bakıya gəlib. Vyaçeslav Çanov iki il "Neftçi"nin formasını geyinib. 1985-ci ildə o, keçid turnirində iştirak edərək, komandaya güclülər dəstəsinə qalmaqda yardımçı olub. Bir ildən sonra böyük Çanov yerini ciddi inkişaf edən Aleksandr Jidkova verib və MOİK-ə yollanıb. Moskva komandasında çox yaxşı mövsüm keçirməsinə baxmayaraq, təcrübəli qapıçı "hərbçilər"i I Liqaya enməkdən xilas edə bilməyib. Lakin o, elə bu komandada qalıb və qapıçılarla iş üzrə məşqçi kimi çalışıb. Bir ifadə ilə də kifayətlənmək olar: Vyaçeslav Çanov İqor Akinfeyevi hazırlayıb.
Sergey Kramarenko daha çox 1970-ci illərdə parlayıb, 1980-ci illərin əvvəllərində isə "Neftçi"nin əsas heyətində yerini itirib və komandanı tərk edib. O, karyerasını bitirməyə hazırlaşdığı vaxt - 1983-cü ildə işləri pis gedən Bakı klubuna qayıdıb. Bununla da vəziyyət sabitləşib. Kramarenko 1984-cü ildə də komandaya həm qapıda, həm də məşqlərdə az xeyir verməyib. Böyük ustadla birgə iş Aleksandr Jidkovun ortaya çıxmasına yardımçı olub.
Qeyd edək ki, 1980-ci illərin ən yaxşı qapıçıları siyahısında Rinat Dasayev, Viktor Çanov, Otar Qabeliya, Valeri Novikov, Mixail Mixaylov, Mixail Biryukov, Mixail Vergeyenko, Valentin Yelinskas, İvan Jekyu, Aleksandr Yanovski, Yuri Romenski, Yuri Sivuxa, Votslovas Yurkus, Viktor Radayev, Stanislav Çerçesov, Valeri Sarıçev, Aleksey Prudnikov, Aleksandr Ubıkin, Dmitri Xarin, İqor Kutepov və Aleksandr Podşivalov da var.