Almaniya Bundesliqasında XXVI turun növbəti oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, lider "Bavariya" Berlində "Union"la qarşılaşıb. "An der Alten Försteray" stadionunda təşkil olunmuş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 40-cı dəqiqədə penaltidən Robert Levandovski açıb. Bu, polşalı hücumçunun mövsümdə 40-cı qolu olub. O, Bundesliqada 26-cı dəfə fərqlənərək, bombardirlər siyahısında liderliyini inamla davam etdirib.
Matçda yekun nöqtəni isə 80-ci dəqiqədə Benjamin Pavar qoyub.
Günün digər oyununda "Köln" "Maynts"la məhsuldar heç-heçə edib - 2:2.
Bu nəticələrdən sonra "Bavariya" xallarını 58-ə çatdırıb və ən yaxın izləyicisi Dortmund "Borussiya"sı ilə fərqi yenidən 4-ə yüksəldib. "Köln" 33 xalla 10-cu, "Union" 30 xalla 12-ci, "Maynts" 27 xalla 15-cidir.
Qeyd edək ki, tura mayın 18-də "Verder" - "Bayer" görüşü ilə yekun vurulacaq.