
"Şimali Qafqazdakı durumdan xəbərim var. Vəziyyət çox pisdir".
Bu fikirləri Sportnet.az-a açıqlamasında "Keşlə" klubunun futbolçusu Ruslan Qurbanov koronavirusun Dağıstanda geniş yayılmasından danışarkən deyib.
29 yaşlı hücumçu bildirib ki, Stavropolda yaşayan doğmaları arasında virusa yoluxan yoxdur: "Hamısının səhhəti qaydasındadır. Buna baxmayaraq, həkimlərin dediyi bütün təhlükəsizlik qaydalarına əməl etmək lazımdır. Bu yolla gələcəkdə vəziyyətin daha da ağırlaşmasının qarşısını almaq olar".
Qurbanov infeksiyaya yoluxanlar üçün dua etdiyini söyləyib: "Bütün insanların sağalmasını və hər şeyin əvvəlki kimi olmasını diləyirəm. Bu cür hadisələri izləmək qorxuludur".
Premyer Liqanın mümkün bərpası məsələsinə də toxunan təcrübəli forvard matçların oynanılmasının tərəfdarıdır: "Çempionatı başa çatdırmaq üçün komandalara fürsət verilməsini arzulayıram. Artıq məşq etmək istəyirəm. Amma bu, bizim əlimizdə deyil. Hökumətin qərarını gözləməliyik. Hazırda əsas məsələ sağlamlıqdır".
Qeyd edək ki, 2019-cu ildən "Keşlə"də çıxış edən Ruslan Qurbanov Stavropol "Dinamo"sunun yetirməsidir. O, Rusiyada "Rostov", "Nika" və "Taqanroq", həmçinin Xorvatiyada "Hayduk" klublarının formasını geyinib. Azərbaycanda isə "Keşlə"dən əvvəl "Neftçi", "Sumqayıt", "Qəbələ" və "Səbail" komandalarında çıxış edib. 2015-ci ildən Azərbaycan millisinə dəvət alan hücumçu 26 oyuna 1 qol vurub.