
Türkiyənin Antalya bölgəsində qış təlim-məşq toplanışında olan "Simurq" ikinci yoxlama görüşünə çıxıb. Rəqib Almaniyanın "Dyusburq" klubu olub.
"Sarı-qaralar"ın baş məşqçisi Georgi Çixradze qalib heyəti dəyişməzlər prinsipinə uyğun olaraq ilk görüşdəki 11-i meydana buraxıb. Yalnız yüksək temperatur səbəbindən bu oyunda forma geyinə bilməyən İlkin Qırtımovun əvəzinə Kənan Müslümova şans verilib. Hesabı "Simurq" açıb. 23-cü dəqiqədə Samir Zərgərov dəqiq zərbə ilə komandasını önə çıxardıb. Ancaq bu qoldan 5 dəqiqə sonra rəqib bərabərlik qolunu vurmağı bacarıb.
İkinci hissənin əvvəlində Zaqatala komandasının heyətində dəyişiklik edilib. Pavel Kapsanın, Kənan Müslümovun, Marko Stanoyeviçin əvəzinə Amil Ağacanov, Vadim Abdullayev, Stepan Polyak meydana daxil olub. Az sonra Samir Zərgərov birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Say üstünlüyündən yararlanan "Duysburq" 49-cu dəqiqəsində penaltidən hesabda önə keçib. Vəziyyətə müdaxilə etməyə çalışan məşqçilər korpusu 51-ci dəqiqədə Rəşad Eyyubovla Banaş Adamı Murad Səttarlı və yeni transferimiz Xuan Alvarado ilə əvəzləyib. Ancaq bundan bir dəqiqə sonra "Dyusburq" 3-cü qolu vurub. 79-cu dəqiqədə isə hesab arasındakı fərq 3-ə qalxıb.
Beləliklə, ilk görüşdə Qazaxıstan "Şaxtyor"unu 3:1 hesabı ilə yenən "Simurq" növbəti qarşılaşmasında darmadağın olub - 1:4. Yanvarın 18-də keçiriləcək növbəti yoxlama görüşündə rəqib Qazaxıstan "İrtış"ı olacaq.