Futbol üzrə Ukrayna Premyer Liqasında Azərbaycan dueli baş tutub.
Sportnet.az-ın məlumatına görə, III turdan təxirə salınmış görüşdə Rüstəm Əhmədzadənin çıxış etdiyi "Minay" klubu Anatoli Nuriyevin formasını geyindiyi "Kolos"u qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Matçda hesabı 50-ci dəqiqədə meydan sahiblərindən Denis Knış açıb. Qonaq komandanın bərabərlik qoluna isə Nuriyev imza atıb. 25 yaşlı futbolçu 90-cı dəqiqədə cərimə zərbəsindən fərqlənərək, sabiq klubunun qələbə qazanmasına mane olub.
Meydana start heyətində çıxan Əhmədzadə 82-ci dəqiqədə əvəzlənib. Nuriyev isə oyuna fasilədən sonra daxil olub. Hər iki hücumçu Azərbaycan millisinin üzvüdür.
Qeyd edək ki, hazırda 15 xalı olan "Kolos" 10-cu, 10 xalı olan "Minay" isə 14-cü pillədə qərarlaşıb.