"Oyundan və bütün oyunçularımdan razı qaldım. Bunu demək nə ağır olsa da, nəhayət, qələbə qazandıq. Qış fasiləsinədək qalan 2 oyunu da qələbə ilə başa vuraraq, mövsümün ikinci yarısına hazırlığa başlamaq niyyətindəyik".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis bildirib ki, rotasiyalar bəzi hallarda məcburiyyətdən olur: "Eyni heyətlə dalbadal bir neçə matça çıxa bilmirik. Keçən tur Xəyal Nəcəfov sarı vərəqə aldı və cəzalı duruma düşdü. Bu gün yeganə qolumuzu vuran Vüsal Əsgərov və digər gənc oyunçularımız xeyli artırmalıdırlar. Bu gün elə bir situasiya idi ki, top buraxmaq qorxusu var idi. İlk yarıda qapımıza yeganə hücum qolla nəticələnə bilərdi. Əvvəlki oyunlarda qol imkanlarını boşa vermişdik. Dəfələrlə desəm də, bəzi insanlar ümumiyyətlə başa düşmürlər. Bu gün önəmli məsələ qələbə idi".
Abasovun fikrincə, hələ qələbə yoluna qayıtmalarını demək çətindir: "Çünki üzərimizdə basqı var. Keçən il də belə bir şey var idi. Hökmən oyunları udmalı idik ki, çempionatdan qopmayaq. Yenə eyni ssenari baş verir: Uduzmamaq, udmaq tələskənliyi. Bizdən qələbə, layiqli yer gözləyirlər. Nəticədə gənc futbolçular əziyyət çəkirlər. Doğrudan da bizə zaman lazımdır".