Azərbaycan millisinin və "Qarabağ" klubunun kapitanı Maksim Medvedev Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün ən yaxşı futbolçusunu müəyyənləşdirib.
Sportnet.az-ın məlumatına görə, 33 yaşlı müdafiəçi İdman Araşdırmalar Mərkəzinin keçirdiyi səsvermədə "Sabah"ın yarımmüdafiəçisi Alesey İsayevə səs verib.
"Neftçi"nin kapitanı Emin Mahmudov cari mövsümün oyunçusu seçilmiş "Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borgesi bu ada layiq görüb.
Digər kapitanlardan "Zirə"dən Ağabala Ramazanov "Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədovu, Məmmədov isə "Qarabağ"dan Abdullah Zubiri fərqləndirib. "Sabah"ın kapitanı Səlahət Ağayev də Ramazanovla eyni fikirdə olub.
"Sumqayıt"ın kapitanı Vurğun Hüseynov Emin Mahmudovu, "Şamaxı"nı "Qəbələ"yə dəyişən İlkin Qırtımov "Neftçi"dən Azər Salahlını, "Səbail"in kapitanı Rahid Əmirquliyev isə "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevə səs verib.
Qeyd edək ki, mövsümün ən yaxşı futbolçusunu ardıcıl beş ildir İdman Araşdırmalar Mərkəzi "Report"un dəstəyi ilə 8 klubun oyunçuları və baş məşqçiləri arasında sorğu nəticəsində müəyyənləşdirir. Əvvəlki 4 mövsümdə hazırda "Kəpəz"də çıxış edən Cavid İmamverdiyev (2017/2018), "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov (2018/2019), "Qarabağ"ın legioneri Abdullah Zubir (2019/2020) və hazırda Türkiyə "Bursaspor"unun formasını geyinən Namik Ələskərov (2020/2021) ən yaxşı seçilib.