
UEFA Çempionlar Liqasında final oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da keçirilmiş görüşdə İngiltərənin "Liverpul" və İspaniyanın "Real Madrid" komandaları üz-üzə gəlib.
Yerli referi Kleman Türpenin idarə etdiyi qarşılaşma "kral klubu"nun qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 59-cu dəqiqədə Vinisius Junior vurub.
Qarşılaşma təhlükəsizlik amilləri üzündən 36 dəqiqə gec başlayıb. Oyundan əvvəl stadiona biletsiz girməyə cəhd edən ingilis fanatlara qarşı polis gözyaşardıcı qazdan istifadə edib.
Beləliklə, "Real Madrid" 4 ildən sonra və tarixində 14-cü dəfə Çempionlar Liqasının qalibi olub. Baş məşqçi Karlo Ançelotti isə 8 ildən sonra komandaya Avropanın ən nüfuzlu klub turnirinin baş mükafatını qazandırıb. Ançelotti 2002/2003 və 2006/2007 mövsümlərində İtaliya "Milan"ı ilə də bu titulu əldə edib.
----------------------------
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2021/2022 mövsümünün final oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, həlledici görüşdə İngiltərənin "Liverpul" və İspaniyanın "Real Madrid" komandaları üz-üzə gələcəklər. Fransanın paytaxtı Parisdəki "Stad de Frans" stadionunda oynanılacaq matçı yerli FIFA referisi Kleman Türpen idarə edəcək. Qarşılaşma Bak vaxtı ilə saat 23:00-da başlayacaq.
İki kollektiv indiyədək 8 dəfə qitənin ən nüfuzlu klub turnirində bir-birinə rəqib olub. Bunların 4-də "kral klubu", 3-də mersisaydlılar qələbə qazanıb. Bir görüşdə qalib müəyyənləşməyib. Qolların nisbətində də Madrid təmsilçisinin üstünlüyü var - 10:8.
Bu, "Real Madrid" və "Liverpul"un Çempionlar Liqasının finalında 3-cü dueli olacaq. Əvvəlki 2 qarşılamadə tərəflər hərəyə bir dəfə titula sahib çıxıblar. 1980/1981 mövsümündə İngiltərə təmsilçisi, 2017/2018 mövsümündə isə İspaniya klubu turnirin qalibi olub.
Bunadək 13 dəfə ÇL-i qazanan Karlo Ançelottinin rəhbərlik etdiyi kollektiv hazırda turnirin ən titullu klubudur. Yurgen Kloppun baş məşqçi olduğu komanda isə 6 dəfə Çempionlar Liqasının finalında qələbə sevinci yaşayıb.
UEFA Çempionlar Liqası
Final
28 may
23:00. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 0:1
Qol: Vinisius Junior, 59
Baş hakimi: Kleman Türpen (Fransa)
Paris, "Stad de Frans" stadionu