
“Sabah” komandasının futbolçusu Coy Lens Mikels Misli Premyer Liqasında 2022/2023 mövsümündəki qol sayını 17-yə çatdırıb.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi XXX turun “Qarabağ”la görüşündə (2:1) vurduğu iki topla buna nail olub.
Almaniyalı oyunçu son 12 mövsümdə Azərbaycan çempionatında ən çox qol vuran avropalı legionerdir. O, 2015/2016 mövsümündə “Qarabağ”ın heyətində 15 qola imza atan ispaniyalı Dani Kintananı arxada qoyub. 2011-ci ilin yayından indiyədək digər avropalı legionerlərdən heç biri bu qədər qol vurmayıb.
Qeyd edək ki, daha çox qol vuran sonuncu avropalı legioner Georgi Adamiya olub. Gürcü futbolçu 2010/11 mövsümündə 18 dəfə fərqlənib.