“Sabah” Mərakeş millisinin futbolçusu Sofian Çaklanı transfer etmək istəyir.
Sportnet.az xəbər verir ki, Azərbaycan təmsilçisi 30 yaşlı mərkəz müdafiəçisinin keçidi üçün İspaniya klubu “Ponferradina” ilə danışıqlara başlayıb.
Ucaboy oyunçunun “Ponferradina” ilə sözləşməsi 2024-cü ilin yayına qədər olduğundan, klubu onu pulsuz yola salmaq fikrində deyil. “Sabah” rəhbərliyi də futbolçunun sərbəst qalma məbləğini ödəməyə hazırdır.
Çakla hətta Bakı klubuna keçmək üçün İspaniyanın II liqa komandalarından gələn təklifləri rədd edib. Onun “Vilyarreal”dan sonra bu dəfə “Sabah”ın heyətində avrokuboklarda çıxış etməsi gözlənilir.
“Sabah” 2023/2024 mövsümündə UEFA Konfrans Liqasında mübarizə aparacaq. Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı II təsnifat mərhələsindən yarışa qoşulacaq.
Qeyd edək ki, Sofian Çakla karyerası ərzində İspaniyanın “Malaqa”, “Almeriya” və “Xetafe” kimi klublarının da formasını geyinib.