"Maraqlı oyun oldu. Bir şeyi bilmək lazımdır ki, tək futbol yox, həm də hakimlərə qarşı oynamalıyıq. Hər dəfə bizə qarşı eyni hallar təkrarlanır. Futbolçular da insandır, onlar da əsəbləşir. Hər şey bizim əleyhimizədir.
Sportnet.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın XXVI turunun “Turan Tovuz”la matçından sonra keçirilmiş mətbuat konfransında deyib.
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Hakimlər niyə sizə qarşı belə qərarlar verir?
- Mövsümün əvvvəlində "Turan Tovuz", "Zirə" hakimlərlə bağlı danışdı. Amma biz susduq. VAR əsas hakimi çağırır. Çağırıbsa, deməli, nəsə var. Amma baş hakim öz bildiyini edir. Yəqin ki, həmin hakimin qarşısına Allahın ədaləti çıxacaq.
- Belə düşünmək olar ki, meydandan kənarda oyunlar gedir?
- Meydandan kənarda demirəm. Keçən dəfə dedik ki, Rəşad Əhmədov komandamızı çökdürür. Skamyada oturan 20 yaşlı uşaq da dözə bilmir. Bu qədər hakimlər var. Rəşadı başqa oyuna göndərinlər. Hisslərimizlə oynayır. Rəşadı görəndə artıq bilirəm ki, məğlub olmuşuq. Bir oyun deyil, "Sabah"la matçda VAR-da oturmuşdu, bu gün əsas hakim idi. Başqa planlarınız varsa, deyin. Komanda futbol oynayır. Cərimə meydançasında futbolçumuzu dirsəklə vururlar, qardaşoğlu susur. Biz necə oynayaq? Deyin, işimizi bilək. VAR çağırır, Rəşad deyir ki, baxdım, heç nə yoxdur. Məni sındırmaq üçün gəlirsə, heç nə demirəm. Sağ olsunlar, yollarına davam etsinlər.
- Niyə sizə qarşı qərəz var?
- Tək Azər Bağırova qarşı yox. Mən hamının hörmətini saxlamışam. "Araz-Naxçıvan" yuxarıda ola bilməz. Mən belə görürəm. "Sabah"la oyunda Rəşad məni yıxıb-sürüyür. Yenidən bizim oyuna baş hakim kimi göndərirlər.
- "Turan Tovuz"u məğlub edə bilməmisiniz. Bu komanda sizin üçün arzuolunmaz rəqibdir?
- Deməzdim, arzuolunmazdır. Əvvəlki matçlarda da pis oynamamışıq. Bu gün də komanda futbol oynadı. İlk hissədə üstünlük bizdə idi.
- Haqqınızda bəzi iddialar var. Bu, futbolçulara təsir edir?
- İstefa barədə deyirisinizsə, mən çox rahat adamam. Buraya öz əziyyətimlə gəlmişəm. Bu gün buradayıq, sabah başqa yerdə ola bilərik. Bu, futboldur. Amma futbolçularla aramızda heç bir problem yoxdur. Təslim olmamışıq, sadəcə, bizi tərkisilah etdilər.