
Azərbaycan Premyer Liqasında XXVII tur davam edir.
Sportnet.az-ın məlumatına görə, günün ikinci oyunu “Liv Bona Dea Arena”da keçirilib.
“Araz-Naxçıvan” autsayder “Qəbələ”ni qəbul edib. Matçda hesabı meydan sahibləri açıblar. Numan Kurdiç 42-ci dəqiqədə fərqlənib. Bosniya və herseqovinalı müdafiəçi 59-cu dəqiqədə yenidən diqqət mərkəzinə düşüb. 25 yaşlı oyunçu bu dəfə qırmızı vərəqə alaraq komandasını son yarım saatda meydanda azlıqda qoyub.
Say çoxluğundan yararlanan “qırmızı-qaralar” tezliklə “status-kvo”nu bərpa ediblər. 67-ci dəqiqədə Osama Xalaylanın yaxın məsafədən zərbəsi qarşısıalınmaz olub. Kaxaber Sxadadzenin yetirmələri qalibiyyət qolu üçün bütün gücləri ilə irəli atılsalar da, bunu reallaşdıra bilməyiblər.
Nəticədə komandalar 1:1 hesablı heç-heçə ilə barışmalı olublar. Bərabərlik sayəsində “Araz-Naxçıvan” xal ehtiyatını 32-yə, “Qəbələ” isə 16-ya çatdırıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “Səbail”i 3:0, “Zirə” “Kəpəz”i 2:1 hesabı ilə məğlub edib. “Turan Tovuz” – “Qarabağ” və “Sumqayıt” – “Sabah” görüşləri martın 17-də keçiriləcək.
___________________________________
Azərbaycan Premyer Liqasında XXVII tur davam edir.
Sportnet.az-ın məlumatına görə, günün ilk oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.
“Zirə” bu arenada bölgə təmsilçisi “Kəpəz”i qəbul edib. Qəsəbə komandası ikinci hissədə vurduğu qollarla qələbə qazanıb. 60-cı dəqiqədə Salifu Suma hesabı açıb. 17 dəqiqə sonra Qismət Alıyev penalti zərbəsini dəqiq yerinə yetirib. Gəncəlilərin gücü Martins Juniorun 90+4-cü dəqiqədə vurduğu təsəlli qoluna çatıb.
Beləliklə, rəqibini 2:1 hesabı ilə məğlub edən “Zirə” xallarının sayını 39-a yüksəldib. “Kəpəz” isə 27 xalda qalıb.
Qeyd edək ki, ötən gün “Neftçi” “Səbail”i 3:0 hesabı ilə məğlub edib. Turun “Araz-Naxçıvan” – “Qəbələ” oyunu bu gün, “Turan Tovuz” – “Qarabağ” və “Sumqayıt” – “Sabah” görüşləri martın 17-də keçiriləcək.
_____________________
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun daha iki oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, günün hər iki qarşılaşması Bakıda gerçəkləşəcək.
İlk olaraq "Zirə" "Kəpəz"i sınağa çəkəcək. "Qartallar" 36 xalla 6-cı, Gəncə təmsilçisi 27 xalla 9-cu pillədə qərarlaşıb.
İkinci matçda "Araz-Naxçıvan" və "Qəbələ" münasibətlərə aydınlıq gətirəcək. Naxçıvan klubu 31 xalla 8-ci, "Qəbələ" 15 xalla sonuncu-10-cu sıradadır.
Azərbaycan Premyer Liqası, XXVII tur
16:00. “Zirə” – “Kəpəz” - 2:1
Qol: Salifu Suma, 60. Qismət Alıyev,77 (p) - Martins Junior, 90+4
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Asiman Əzizli, Kamran Əliyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elman Musayev
Tofiq Bəhramov adına Respublika Stadionu
18:30. “Araz-Naxçıvan” – “Qəbələ” - 1:1
Qol: Numan Kurdiç, 42 - Osama Xalayla, 67
Qırmızı vərəqə: Numan Kurdiç, 57
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Liv Bona Dea Arena”
Qeyd edək ki, ötən gün "Neftçi" "Səbail"i üç cavabsız qolla üstələyib. XXVII tura martın 17-də yekun vurulacaq.