“Qarabağ”ın kapitanı Maksim Medvedevin ən arzuolunmaz rəqibi bəlli olub.
Sportnet.az xəbər verir ki, bunu təcrübəli müdafiəçi Rusiya mətbuatına müsahibəsində açıqlayıb.
Maksim milli və klubdakı karyerası ərzində üz-üzə gəldiyi ən çətin rəqibin adına aydınlıq gətirib: “Mən təkcə Eden Azarın adını çəkərdim. Karrasko, Pedro və başqalarına qarşı oynamışam. Amma Azar yeganə oyunçudur ki, onu saxlaya bilmirdim. Onun hansı ayağını, hansı tərəfini saxlayacağını bilmirdim. O, sadəcə fenomen futbolçudur”.
Medvedev Kriştiano Ronaldodan da danışıb: “Ronaldo ilə başa düşürdük ki, vəzifəmiz topu onun ayaqlarından vurub uzaqlaşdırmaqdır. Onun boyu hündür olduğu üçün nə qədər sürətli olsa da, hərəkətlərini oxumaq mümkündür. Azarla isə mümkünsüzdür. Boyu balacadır, ayaqları sürətlidir, öz addımlarımı hesablaya bilmirdim ki, onun haraya gedəcəyini müəyyənləşdirim. Onun məni sağa-sola necə “yelləməsi” üzücü idi. Amma başa düşürdüm ki, Azara qarşı oynayıram. Özü də ikinci hissədə meydana çıxdı, həmin vaxtadək bütün matçı qaçmışdım və ayaqlarım sözümə qulaq asmırdı. Buna görə də ən qorxulu xatirələrim Azarla bağlıdır”.
Medvedev heç vaxt Lionel Messi ilə qarşılaşmamasına da toxunub: “Əlbəttə, ona qarşı oynamaq istərdim. Təəssüf ki, artıq oynamayacağıq. Çünki Messi Avropaya gəlməyəcək. Amma eybi yox, əksər böyük futbolçularla oynamışam”.
Qeyd edək ki, Maksim 2006-cı ildən “Qarabağ”ın formasını geyinir.