Bu gün Türkiyənin Samsun şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə Avropa Təsnifat Turnirinin yarımfinal mərhələsinin görüşləri keçirilib. Sportnet.az-ın məlumatına görə, finala vəsiqə və lisenziya uğrunda Azərbaycanın 5 boksçusu mübarizə aparıb.
Qadın boksçu Yana Alekseyevnanın (60 kq) rəqibi irlandiyalı olimpiya, 4 qat dünya və 5 qat Avropa çempionu, eləcə də "Bakı 2015" I Avropa Oyunlarının qalibi Keti Taylor olub. Boksçumuz rəqibi üzərində sensasion qələbə qazanıb və finala yüksəlib. O, eyni zamanda "Rio-2016"ya lisenziya əldə edib.
Kişilərin yarışında 56 kq çəki dərəcəsindəki dünya çempionu Cavid Çələbyev 2013-cü il Avropa çempionatının bürünc mükafatçısı, ermənistanlı Aram Avaqyanla qarşılaşıb. O, erməni idmançı üzərində inamlı qələbə qazanaraq həm finala yüksəlib, həm də Rio-2016-ya vəsiqə qazanıb.
64 kq çəkidəki Lorentso Sotomayor türkiyəli Batuhan Gözgeclə münasibətlərinə aydınlıq gətirib. Sotomayor türkiyəli rəqibi üzərində qələbə qazanıb.
Axşam sessiyasında isə ağır çəkilərdəki boksçularımız rinqə çıxıb. 91 kq çəkidə mübarizə aparan Abdulqadir Abdullayev böyük britaniyalı Laurens Okoli ilə qarşılaşıb. Görüş Okolinin qələbəsi ilə yekunlaşıb - 2:1. Abdullayev lisenziya qazanmaq üçün aprelin 16-da 3-cü yer uğrunda görüşdə Ukrayna yığmasının erməni əsilli boksçusu Gevork Manukyan üzərində qələbə qazanmalıdır. Bu iki boksçu "Bakı 2015" I Avropa Oyunlarının finalında üz-üzə gəlməli idi. Lakin həmin vaxt Manukyan zədəsini səbəb göstərərək, döyüşdən imtina etmiş və nəticədə azərbaycanlı idmançı qalib elan edilmişdi.
91 kq-dan yuxarı çəkidə isə ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov türkiyəli Ali Eren Demirezenlə döyüşüb. Görüş Məcidovun qələbəsi ilə yekunlaşıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi finala və "Rio-2016"ya vəsiqə qazanıb. O, həm də "Bakı-2015"də boks yarışının 1/4 finalında ona dirsək zərbəsi endirərək, bürünc medalla kifayətlənməsinə səbəb olan Demirezenə yerini göstərib.
Qeyd edək ki, reqlamentə əsasən hər çəkidə ilk 3 yerin sahibi "Rio-2016"ya lisenziya qazanır. Bu isə finala çıxacaq boksçunun olimpiadaya vəsiqəni avtomatik təmin edəcəyi anlamına gəlir. 3-cü yerin sahibləri isə yarımfinalda məğlub olanlar arasında keçiriləcək görüşlərdən sonra müəyyənləşəcək. Bürünc medal uğrunda görüşlər aprelin 16-da, final döyüşləri isə aprelin 17-də keçiriləcək.