
Boks üzrə Azərbaycan milli komandası Türkiyənin Samsun şəhərində keçirilən Avropa Təsnifat Turnirində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziya qazanıb. Sportnet.az-ın məlumatına görə, bu vəsiqəyə yarımfinalda irlandiyalı olimpiya, 4 qat dünya və 5 qat Avropa çempionu, eləcə də "Bakı 2015" I Avropa Oyunlarının qalibi Keti Taylora qalib gələn Yana Alekseyevna yiyələnib.
60 kq çəki dərəcəsində yer alan Alekseyevna bu qələbə sayəsində finala yüksəlib və ilk "3-lüy"ü təmin etdiyi üçün "Rio-2016"da iştirak hüququna yiyələnib. Onun turnirin finalındakı rəqibi bolqarıstanlı Svetlana Staneva olacaq. Staneva yarımfinalda italiyalı İrma Testanı məğlub edib.
Qeyd edək ki, ötənilki dünya çempionatında Azərbaycanın 3 boksçusu - Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq) və Pərviz Bağırov (69 kq) "Rio-2016"ya lisenziya qazanıb. Bununla da Azərbaycan idmançılarının olimpiadaya qazandıqları lisenziyaların sayı 36-ya çatıb.