"Bakı”nın yarımmüdafiəçisi Cəmşid Məhərrəmovun Sportnet.az-a müsahibəsi...
- "Bakı”ya qayıdışınızı necə qiymətləndirirsiniz?
- Yenidən öz komandama qayıtdığıma görə çox sevinirəm. Əvvəllər də "Bakı”nın uğur qazanması üçün bacardığımı etmişəm. İnşallah, yenə da çalışacağam ki, "Bakı”ya bir xeyirim dəysin. Qarşıdakı oyunlarda komandaya daha çox fayda verəcəyimə inamım böyükdür. Düşünürəm, yekunda nəticə bizi sevindirəcək.
- "Bakı” artıq əvvəlki komanda deyil, iddiası və strategiyası da dəyişib. Aparıcı, təcrübəli futbolçular klubu tərk etdilər. Belə deyək, "Bakı”da yaranmış maddi sıxıntılara görə komandanı atıb qaçdılar. Necə fikirləşirsiniz: "Bakı” əvvəlki imicini, iddiasını qaytara biləcək?
- Sizə bir söz deyim, ola bilər ki, burda 1 milyonluq futbolçu oynasın. Nə qədər bahalı olur-olsun, amma məncə, onlar gənclərdən çox can yandıra bilməzlər komandaya. "Bakı”da hər qiymətdə futbolçu çıxış edib, istər maddi cəhətdən bahalı, istər səviyyə baxımından yüksək səviyyəli fubolçular olub komandada. Ancaq hesab edirəm ki, vacib olan oyunçunun qiyməti, səviyyəsi yox, göstərdiyi nəticədir. Yaxşı futbol oynamaq, nəticə vermək üçün adlar rol oynamır, məncə. İndiki futbolçularla da nəticə qazana bilərik. Son iki oyundakı çıxışımız da gələcəyə inam yaradır. Deyərdim ki, komandada olan bütün futbolçular uğurlu çıxış etmək üçün canlarını qoyurlar.
- Yaşınız az deyil, kifayət qədər təcrübəli futbolçusunuz. Heyətdəki gənclərin potensialını necə qiymətləndirirsiniz?
- Çox yüksək. Bu futbolçuların hər biri gələcəyin aparıcı oyunçuları ola bilərlər, özlərindən asılıdır. 2-3 ilə milli komandanın əsas üzvü olmaq üçün üzərlərində çalışmalıdırlar. Oyunlarına baxanda adam ümidlənir. Cavan olmalarına baxmayaraq, çox yaxşı mübarizə aparırlar, sona qədər təslim olmurlar. Sizi inandırım ki, bu uşaqlar gələn mövsüm Premyer Liqada daha yaxşı futbol oynayacaqlar, nəticə üçün mübarizə aparacaqlar. Sadəcə, bunlara təcrübə lazımdır və məncə, bu movsümün sonuna qədər lazım olan praktikanı əldə edəcəklər. Çünki bu futbolçular harda oynadıqlarını və onlardan nə tələb olunduğunu yaxşı dərk edirlər.
- Bu mövsüm üçün komandanın qarşısına nə məqsəd qoyulub?
- Düzdür, "Bakı” hər il iddialı olub, yüksək yerlər uğrunda çıxış edib. Çempion olmuş komandadır. Amma çoxları deyir ki, bu movsüm Premyer Liqada qalmaq üçün oynayırıq. Bu fikirlərlə qətiyyən razı deyiləm. Heç vaxt uduzmağı, məğlubiyyəti qəbul etməmişəm. Çempionluğa da oynaya bilərik, kuboku da qazana bilərik. Oyun baxımıdan kimdənsə heç kimdən də zəif deyilik.
- Maliyyə problemləri həll olunub, yoxsa...
- Komandaya gəldiyim bir ay olar, maddiyyat sarıdan problem hiss eləmirəm. Rəhbərimizin bir əli üstümüzdədir. Düzdür, əvvəlki kimi deyil, bəzi çətinliklər var. Onu da inşallah, tezliklə həll edəcəklər. Əsas bizim işimizdir, Allahın köməkliyi ilə pul da olacaq.
Elvin ƏHƏD