Braziliyanın Salvador da Bahiya şəhərində keçirilən güləş üzrə gənclər arasında dünya çempionatında qadın güləşçilərin mübarizəsinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, Azərbaycanın finala yüksələn son iki zərif pəhləvanı gümüş medala sahib olub.
63 kq çəkidə yarışan Raqnetta Qurbanzadə həlledici görüşdə rusiyalı Lyubov Ovçarovaya 0:10, 72 kq çəkidə yer alan Səbirə Əliyeva yaponiyalı Rino Obeyə 4:12 hesabı ilə uduzub. Daha öncə digər qadın güləşçilərimizdən Türkan Nəsirova (44 kq) və Leyla Qurbanova (51 kq) qızıl, Elis Manolova (67 kq) isə bürünc medala sahib olub.
Beləliklə, 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan qadın güləşçilərimiz komanda hesabında 47 xal toplayaraq Yaponiyadan (66 xal) sonra ikinci sırada qərarlaşıb. 47 xal toplamış Rusiya komandası medalların əyarına görə üçüncü yeri tutub.
Qeyd edək ki, yunan-Roma güləşçilərinin mübarizəsində idmançılarımız 1 qızıl (Murad Məmmədov (55 kq)), 2 gümüş (Kərim Cəfərov - 60 kq, İslam Abbasov - 84 kq) və 1 bürünc (Ruhin Mikayılov - 66 kq) medal qazanıb. Yığmamız çempionatı komanda hesabında ikinci sırada başa vurub.