Qəbələ Olimpiya Kompleksində təşkil olunmuş "Glory Ranked Fights" turnirindən sonra Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti, Fövqəladə Hallar Nazirliyində İdman-Sağlamlıq Klubunun rəisi Füzuli Musayev Sportnet.az-a müsahibə verib.
- Təşkilatçı olaraq yarışı necə dəyərləndirirsiniz?
- Yəqin ki, onu mən yox, siz və gələn qonaqlarımız dəyərləndirməlisiniz. İlk dəfədir ki, Qəbələ şəhərində belə gözəl, möhtəşəm yarış keçdi. Nəinki Qəbələ, ümumiyyətlə, Azərbaycanda ilk dəfədir ki, "Glory" versiyasının "Very hard" seriyası, yəni ki, reytinq yarışlarından biri təşkil olunub. Burada fəxredici budur ki, idmançılarımız yarışda iştirak etdi və onlardan ikisi qələbə qazandı. Məsələn, mən deyərdim Ramal Aslanov çempion kimidir, finaladək irəlilədi, həlledici döyüşdə hakimlərin rəyi ilə qələbə alman idmançısına verildi. Buna baxmayaraq Ramal artıq "Glory" versiyasında böyük reytinq qazanmış idmançı oldu. Qaldı ki, Pərviz Abdullayevə, bilirsiniz ki, professionallar arasında o, kikboks üzrə bizim ən reytinqli idmançılardan biridir. 36-cı döyüşünü keçirən Pərviz 35-də qələbə qazanıb. Bu, çox sevindirici haldır. Abdullayev döyüşdüyü "Super fight" idi, orada "Glory"nin və dünyanın çempionları döyüşürdü. Albert Kraus kimi döyüşçülər vuruşurdu və Pərviz artıq onların – yəni, dünyanın ən güclü, reytinqli idmançıları siyahısına düşdü. Ümid edirəm ki, "Qəbələ” klubu "Glory"yə birbaşa gedə biləcək. Gələcəkdə bu seriya üzrə dünya çempionatını Azərbaycanda keçirə biləcəyimizə inanıram.
- Növbəti belə yarışları Qəbələdə keçirmək mümkündür?
- Bəli. Təbii ki, biz bu gün bununla kifayətlənmirik. Bu, ilk yarışımız olsa da, görürsünüz ki, doğrudan da möhtəşəm keçdi. Həm təşkilatçılıq tərəfdən, həm
də idmançıların səviyyəsi baxımından. Dünyanın ən tanınmış idmançıları bu gün "Super Fight"da görüşdülər. Bakı tanınmışdı, bu gün Azərbaycan bütün dünyada tanındı. Bilirsiniz ki, Qəbələ çox gözəl inkişaf edir və bunu gələn qonaqlarımız da qeyd elədi. Sevinirəm ki, bu gün çox dəyərli qonaqlarımız oldu. 2000-ə yaxın tamaşaçı vardı. Xaricdən, hətta Amerikadan gələn qonaqlarımız mübarizəni sonadək izlədilər və həddən artıq razı qaldılar. Onlar gördüyümüz işlərə də yüksək qiymət verdilər.
- Sizi bu yarışın təşkilatçısı kimi necə təqdim edə bilərik? Bəlkə bununla bağlı yeni vəzifəyə təyin olunmusunuz?
- Yox, heç bir vəzifəyə təyin olunmamışam. Sadəcə, bilirsiniz ki, mən Fövqəladə Hallar Nazirliyində İdman-Sağlamlıq Klubunun rəisiyəm. Ümumiyyətlə, belə səviyyəli yarışlar daha çox keçirmişəm. "Glory" təşkilatçıları mənimlə tanış idilər və təklif edəndə dedim ki, bunu ancaq "Qəbələ” klubu ilə edə bilərik. Tərəflər arasında münasibət yaratdım və klubdan xahiş etdilər ki, elə yarışı da siz təşkil edin. Mən də böyük məmnuniyyətlə bu işə gəldim və düşünürəm ki, çox gözəl keçdi.
- Pərviz Abdullayev də klubunuzu təmsil edir?
- Bəli, düzgün qeyd etdiniz. Pərviz Abdullayev artıq bir neçə ildir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır. Xüsusi riskli xilasetmə xidmətində çalışır və FHN-nin adını daşıyır. Gördüyünüz kimi, əynindəki geyimi də buna uyğun idi. Pərviz bu gün gözəl qələbə qazandı. Gələcəkdə Pərviz də, Ramal da Azərbaycan xalqını çox sevindirəcək.
- Bu, "Glory"yə qədərki turnir idi, yoxsa "Glory"nin özünün yarışı?
- Yox. "Glory"yə qədər yox. Bu, "Glory"nin reytinq turniri idi. Buradakı idmançıların hamısı reytinq qazanıblar və bunun hesabına artıq "Glory"nin üzvü olurlar. İndiyə qədər "Glory"yə Azərbaycandan, nəinki Azərbaycandan, ümumiyyətlə, azərbaycanlı düşməmişdi. Amma bu gün iki idmançımızın orada olması məni çox sevindirir. Düşünürəm ki, bu idmançılarımız gördüyünüz tanınmış ulduzlar sırasında dayanacaq və Azərbaycanımızı təmsil edəcək.
Sevinc XANQIZI