Bu gün "Sumqayıt" klubunda Müşahidə Şurasının iclası keçirilib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, iclasda komandanın baş məşqçisi Aqil Məmmədovun istefa ərizəsinə baxılıb.
Məmmədov oktyabrın 5-də istefa verdiyini rəsmən açıqlayıb. Toplantıda Müşahidə Şurası onun istefa ərizəsini qəbul edib. Şura üzvləri iclasda 43 yaşlı mütəxəssisə minnətdarlıqlarını bildirərək ona gələcək karyerasında uğurlar arzulayıblar.
Müşahidə Şurasının iclasında qərardan irəli gələn növbəti vacib məsələ isə əsas komandanın baş məşqçi vəzifəsinə namizədlərin müzakirəsi və seçilməsi olub. Çıxarılan qərara əsasən, əsas komanda 2015/2016 mövsümünün sonuna qədər Samir Abasova həvalə edilib, eyni zamanda 37 yaşlı mütəxəssisə məşqçilər korpusunun formalaşadırılması tapşırığı verilib.