"Kəpəz" rəhbərliyi Azərbaycan Premyer Liqasında IX turun "Xəzər Lənkəran"la oktyabrın 24-nə nəzərdə tutulan ev oyununun vaxtını dəyişdirmək istəyib.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubunun rəsmiləri hətta qarşılaşmanın bir gün tez keçirilməsi xahişi ilə Lənkəran təmsilçisindəki həmkarlarına da müraciət edib.
Səbəb kimi oyun günü şəhərdə təşkil olunacaq Aşura mərasimləri ilə əlaqədar qarşılaşmaya xeyli az tamaşaçının gəlmə ehtimalı göstərilib.
Xəbəri "Xəzər Lənkəran"ın mətbuat katibi Hüseyn Cəbrayıloğlu da təsdiqləyib. O, Sportnet.az-a açıqlamasında bildirib ki, Gəncə təmsilçisinin belə bir istəyinin olmasından xəbərdardırlar: "Onlar bizə müraciət etmişdilər. Amma bu barədə qərarı müvafiq qurumlar verir. Biz də o qərara uyğun davranacağiq".
Lakin Peşəkar Futbol Liqasının Mətbuat və ictimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev "Kəpəz"dən təxirəsalma müraciəti almadıqlarını söyləyib. O, Sportnet.az-a açıqlamasında bildirib ki, hətta müraciət olsa belə, turun bütün oyunlarının teleyayım vaxtlarının dəqiqləşməsi ilə əlaqədar dəyişiklik mümkünsüzdür. Şahgəldiyev oyunun oktyabrın 24-də baş tutacağını vurğulayıb.
"Kəpəz"in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev isə Sportnet.az-a deyib ki, həqiqətən də Aşura mərasimi ilə əlaqədar "Xəzər Lənkəran"la oyunu bir gün tez keçirmək istəkləri olub. Amma onun sözlərinə görə, müəyyən təhlillərdən sonra fikirlərindən daşınıblar: "Aşura günü Gəncədə çox ağır keçir. İnsanlar bir gün öncədən İmamzadə məscidinə gedərək, orada gecələyir, ertəsi gün qətl sınanadək mərasim keçirirlər. Bu da 24 oktyabra - "Kəpəz"in oyun gününə təsadüf edirdi. Azarkeşlər sosial şəbəkələrdə müzakirələr başlatmış, hətta klubumuzun rəhbərliyinə müraciət etmişdilər ki, matçı bir gün əvvələ təyin edək. Biz də ehtiyat edirdik ki, mərasimlə əlaqədar oyunumuza gələn az olar. Amma sonradan belə qənaətə gəldik ki, onsuz da qətl oktyabrın 24-də saat 13:00-da sınır. Oyunumuz isə saat 15:00-da - 16:00 aralığında olacaq. Yəni, insanların Aşura mərasimindən sonra oyunumuza gəlmələri üçün kifayət qədər vaxtları olacaq. Nəticədə "Xəzər Lənkəran"la matç tarixinin dəyişdilməsi üçün müraciətdən daşındıq".
Qeyd edək ki, Gəncə şəhər stadionunda süni işıqlandırma olmadığından, "Kəpəz" ev oyunlarını gündüz saatlarında keçirir.