"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna milli komandasından təklif almasına dair xəbərlərə bir daha münasibət bildirib. Sportnet.az-ın məlumatına görə, 50 yaşlı mütəxəssis Ukrayna Futbol Federasiyası ilə danışıqlar apardığını nə təsdiq, nə də təkzib edib.
O, özü və klubunun heç bir təklif almadığı halda, şayiələrə münasibət bildirməyi məntiqli saymayıb. "Qış fasiləsindən sonra komandada qalacaqsınızmı?" sualına isə Qriqorçukun reaksiyası belə olub: "Mən artıq cavab verdim".
Qriqorçukla bağlı şayiələr fonunda "Qəbələ" Azərbaycan Premyer Liqasının IX tur matçında "Zirə"ni evdə yenə bilməyib - 0:0. Meydan sahiblərinin baş məşqçisi çox vacib xallar itirdiklərini bildirib. Beləliklə, oktyabrın 22-də Avropa Liqasının qrup mərhələsinin III tur matçında Almaniyanın "Borussiya" (Dortmund) komandasına 1:3 hesabı ilə uduzduqdan sonra "qırmızı-qaralar" yenə qələbəyə həsrət qalıb. Ukraynalı mütəxəssis deyib ki, belə gərgin qrafikdə həm psixoloji, həm də fiziki planda çatışmazlıqlar olur: "Digər tərəfdən biz səhvlərimizi aradan qaldırmalıyıq. Çünki vaxtımız çox azdır. Yorğunluğun gətirdiyi əsəb gərginliklərinin olduğu vaxtda biz xarakter nümayiş etdirməliyik. Biz bu gün iki xalı yorğunluqdan itirmədik. Düzdür, müəyyən dəyişiklik etmək olar. Məncə, heyətdə 4-5 oyunçunu dəyişə bilərik. İki fərqli heyətlə oynamaq isə məncə, olmaz”.