Azərbaycanlı iş adamı Hafiz Məmmədov Bakıda hava limanında saxlanılaraq həbs olunması barədə xəbərlərə münasibət bildirib. Sportnet.az-ın məlumatına görə, Məmmədov bu yaxınlarda səhmlərinin böyük hissəsinə yiyələndiyi İngiltərənin "Şeffild Uensdey" klubunun saytında rəsmi açıqlama yerləşdirib.
Açıqlamada deyilir ki, bəzi mətbu orqanlarda həbs edilməsinə dair xəbərlər dərhal Dövlət Sərhəd Xidməti tərəfindən təkzib olunub. Məmmədovun fikrincə, yalan məlumatlar və zərərli şayiələrdən onun maliyyə holdinqi və öhdəliklərinə şübhə yeri qoyma məqsədilə istifadə olunur: "Mətbuatda yazılanların əsası yoxdur və mən özümə və ailəmə zərər vuran yalan şayiələrə qarşı bütün lazımi hüquqi addımları atacağam".