
FİFA prezidenti Zepp Blatter "TRT Spor" kanalına müsahibə verib. Sportnet.az-ın məlumatına görə, ali futbol qurumunun rəhbəri Luis Suaresə verilən cəza, Braziliyada davam edən mnundial və 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından söz açıb.
- Braziliyadakı təşkilatçılıq Sizi qane etdi?
- İndiyədək uzun illər yaddaşlarda qalacaq fantastik və həyəcanlı bir futbol festivalı izlədim. Braziliya bərabəri olmayan bir futbol ölkəsi olduğunu sübut etdi.
- Turnir başlamamışdan əvvəl keçirilən aksiyalar Blatteri qorxutdu?
- Sadəcə, braziliyalılara təşəkkür edə bilərəm. Bizə möhtəşəm bir dünya çempionatı yaşatdılar.
- FİFA prezidenti olaraq unuda bilmədiyiniz dünya çempionatları hansılardır?
- Mənə qürur hissi yaşadan 2002-ci ildən bu yana bu yarışı 4 qitədə keçirməyimizdir. Asiya, Avropa, Afrika və Amerikada çempionatı təşkil etdik. Ancaq Afrikada keçirilən dünya çempionatı zamanı çox düşündük və uğur qazandıq.
- Dünya çempionatına qatılan ölkələrin sayının artırılması mövzusunda hansısa işlər görülür?
- Bu barədə sonra danışarıq. Ancaq ən çox 32 ölkə olmalıdır.
- Dünya futbolu tarixində ən çox bəyəndiyiniz futbolçu kimdir?
- Dünya çempionatları ərzində çox oyunçu görmüşəm. Ancaq ən bəyəndiyim Alfredo Di Stefano oldu. Onun ölümünü böyük kədərlə qarşıladım.
- Hazırkı mundialda ən bəyəndikləriniz kimlərdir?
- Xeyli oyunçu var. Neymar, Aryen Robben, Xames Rodriqes, Messi və Tomas Mülleri misal göstərə bilərəm.
- Luis Suaresə verilən cəza haqda nə düşünürsünüz?
- Adətən bu mövzularda danışmıram. FİFA İntizam Komitəsinin verdiyi qərara hörmət etmək lazımdır.
- 2022-ci ildə keçiriləcək dünya çempionatına Qətər ev sahibliyi edəcək?
- FİFA İcraiyyə Komitəsinin 2010-cu ildə qəbul etdiyi qərar görə belə olmalıdır.