"Qəbələ"nin sabiq baş məşqçisi Fatih Kavlak Türkiyənin "Trabzonspor" klubuna yeni təyinatından danışıb. 40 yaşlı mütəxəssis Sportnet.az-a açıqlamasında Vahid Halildoziç kimi baş məşqçinin köməkçisi olmağı özünə fəxr saydığını bildirib.
O deyib: "Trabzonspor" kimi Türkiyə futboluna damğa vurmus bir klubda çox dəyərli baş məşqçi ilə çalisma fürsəti əldə etdiyim üçün xoşbəxtəm. Bu təyinatımın karyerama çox önəmli faydalarının olacağını düşünürəm".
Kavlak bir müddət öncə Pro kateqoriyalı məşqçi lisenziyasını almaq üçün Bakıda keçirilmiş kursda iştirak edib. O, yeni təyinatından Halilhociçin öncədən məlumatlı olduğunu bildirib: "A kateqoriyalı məşqçi lisenziyasını aldıqdan sonra Azərbaycanda işlədim. Mən həm Türkiyə, həm də Azərbaycan üçün yerli məşqçiyəm. Pro kateqoriyasını da Bakıda almağım təbiidir. "Trabzonspor"da 2004 və 2006/2007-ci il mövsümlərində çalışdım. Yeni mövsüm üçün məşqçilər korpusunda dəyişiklik etmək istəyiblər və məni də bu siyahıya daxil ediblər. "Trabzonspor"a gəlişim Halilhociçin məlumatı əsasında olub".
Qeyd edək ki, Fatih Kavlak Azərbaycan karyerasına "Qarabağ"da köməkçi-məşqçi kimi başlayıb. O, 2009-cu il iyunun 1-dən 2010-cu il iyunun 1-dək çalışıb. Ardından türkliyəli mütəxəssis "Qəbələ"də işləyib. Kavlak 2011-ci il noyabrın 18-dək məşqçi, 2012-ci il sentyabrın 27-dək baş məşqçi olub.