Mövsümün ikinci yarısı öncəsi heyətini gücləndirməkdə olan "Qəbələ” növbəti transferini gerçəkləşdirib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bunadək Rəşad Sadiqovla müqavilə imzalayan "qırmızı-qaralar” qış fasiləsində ilk legionerlə anlaşıb.
"Qəbələ" ukraynalı yarımmüdafiəçi Aleksey Qayı rənglərinə bağlayıb. Qay bu gün Türkiyənin Antalya bölgəsində başlanan təlim-məşq toplanışı zamanı yeni komandasına qoşulub. Orta sahə oyunçusu ilə 1,5 illik müqavilə imzalanıb. O, artıq "qırmızı-qaralar"la ilk məşqə də çıxıb.
1982-ci il noyabrın 6-da anadan olan Qay son illəri "Çernomorets”də keçirsə də, karyerasının əsas hissəsi "Şaxtyor”la bağlıdır. 18 yaşında Donetsk təmsilçisinin əsas komandasına cəlb olunan yarımmüdafiəçi 2000-04 və 2006-13-cü illərdə bu komandanın şərəfini qoruyub. Ukrayna çempionatlarında 6 qızıl (2001/02, 2007/08, 2009/10, 2010/11, 2011/12, 2012/13), 5 gümüş (2000/01, 2002/03, 2003/04, 2006/07, 2008/09) medal qazanan Qay 7 dəfə (2000/01, 2001/02, 2003/04, 2007/08, 2010/11, 2011/12, 2012/13) ölkə kubokunun qalibi, 3 dəfə (2002/03, 2006/07, 2008/09) finalçısı olub. 2008/09 mövsümündə isə "Şaxtyor”un heyətində UEFA Kubokunu (indiki Avropa Liqası) qazanıb. 2004-06-cı illərdə "İliçevets”in formasını geyən Qay 2013-cü ilin yayından "Qəbələ”yə keçənədək "Çernomorets”də çıxış edib. 2003 - 2011-ci illərdə Ukrayna milli komandasına cəlb olunan yarımmüdafiəçi yığmada 29 oyun keçirib və 1 qol vurub.
Qeyd edək ki, Aleksey Qayın transfer olunmasına və rəsmi müqavilənin Antalya toplanışı zamanı bağlanacağına dair xəbəri Sportnet.az dekabrın 31-də yazıb.