Voleybolçu qadınlardan ibarət "Azəryol" klubu Çempionlar Liqasının qrup mərhələsində 4-cü turun oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Aleksandr Çervyakovun komandası Rumıniyada "Stiinta"nın qonağı olub.
Görüş təmsilçimizin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. "Stiinta" yalnız ilk setdə ciddi müqavimət göstərə bilib. Bununla belə, "Azəryol" seti 25:22 hesablı üstünlüklə başa vurub. Növbəti setdə fərq daha böyük olub - 25:14. Üçüncü seti isə komandamız 25:18 hesablı üstünlüklə tamamlayıb.
Bununla da "Azəryol" "Stiinta"nı evdə olduğu kimi, səfərdə də darmadağın edərək, xallarını 8-ə çatdırıb. B qrupunun digər matçında Türkiyə "Fənərbağça"sı Fransa "Nant"ını eyni hesabla yenib - 3:0 (25:15, 25:14, 25:14). Bu qələbə sayəsində "Fənər" xallarını 12-yə çatdırıb və qrup lideri kimi növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl təmin edib. 2-ci pillədə olan "Azəryol"u ən yaxın izləyicisi "Nant"dan 4 xal ayırır.
Qeyd edək ki, növbəti turun görüşləri yanvarın 21-də keçiriləcək. Həmin gün "Azəryol" "Fənərbağça"nı, "Stiinta" "Nant"ı qəbul edəcək.