
Bu həftə Topaz Premyer Liqasında 2014/15 mövsümünün 2-ci yarısına start veriləcək. Sportnet.az-ın məlumatına görə, çempionatda 38 günlük fasilədən sonra III dövrənin ilk turunun qarşılaşmaları baş tutacaq.
İlin ilk 4 matçı 3 gün davam edəcək. Bu turda çempionatın lideri "Qarabağ” istirahət edəcək. Peşəkar Futbol Liqasının rəsmi internet saytı üz-üzə gələcək cütlərin əvvəlki oyunlarının balansını hazırlayıb...
XIX tur
30 yanvar (cümə)
"İnter” – "Sumqayıt” - 10 oyun, +8=2-0, top fərqi 17:1
"İnter” Sumqayıtın eyniadlı təmsilçisi ilə 11-ci dəfə qarşılaşacaq. Əvvəlki qarşılaşmalarda paytaxt təmsilçisi məğlub olmayıb. Cəmi 1 qol vurub, 2 xal qazanan "Gənclik şəhəri” təmsilçisi səfər oyunlarında məğlubiyyətdən qaça bilməyib.
31 yanvar (şənbə)
AZAL – "Neftçi” - 23 oyun, +4=7-12, top fərqi 18:40
Paytaxt derbisində "Neftçi” üstün olsa da, "ağ-qaralar” son 4 səfər duelindən yalnız birində qalib gəlib. AZAL isə son 11 qarşılaşmadan yalnız 1-də qapısını toxunulmaz saxlamağa nail olub.
1 fevral (bazar)
"Simurq” –"Xəzər Lənkəran” - 20 oyun, +3=7-10, top fərqi 22:30
Zaqatala təmsilçisi əvvəlki 10 ev oyununda cəmi 1 dəfə qalib gəlib. Lakin "Simurq” son 5 qarşılaşmada meydanı qolsuz tərk etməyib. "Xəzər Lənkəran” əvvəlki oyunların yarısında qalib gəlməklə, böyük üstünlüyə malikdir.
"Bakı” –"Qəbələ” - 26 oyun, +12=6-8, top fərqi 29:25
"Bakı” son 8 qarşılaşmada qalib gələ bilməyib. Lakin paytaxt təmsilçisi daha çox qələbə qazanıb. Qəbələ son 5 səfər oyununda məğlub olmayıb, rəqibinə 2 xal verib.