Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster Rumıniyanın paytaxtı Buxarestdə dairəvi sistemlə keçirilən yarışın ilk turunda ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb. Qara fiqurlarla oynayan Məmmədyarov 52-ci gedişdə təslim olub.
Turnirdə həmçinin, Alireza Firuzca, Maksim Vaşye-Laqrav (hər ikisi Fransa), Levon Aronyan, Fabiano Karuana, Leyner Dominges (hamısı ABŞ), Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan) və Boqdan Danyel-Dyak (Rumıniya) da qüvvəsini sınayır.
Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.
Qeyd edək ki, ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.