Qadın şahmatçılar arasında Azərbaycan çempionatında üçüncü turun görüşləri keçirilib.
Federasiyadan Sportnet.az-a verilən məlumata görə, maksimum xala malik Gövhər Beydullayeva hesabat turunda Türkan Məmmədyarovaya qalib gəlib. Ardıcıl üçüncü qələbəsi qazanan 19 yaşlı şahmatçı liderliyini möhkəmlədib.
Reytinq favorit Gülnar Məmmədova üçüncü turda Ülviyyə Fətəliyevaya uduzub. Ləman Hacıyeva-Ayan Abdullayedva, Xanım Balacayeva-Xəyalə Abdulla arasında görüşlər heç-heçə yekunlaşıb.
Üç turdan sonra maksimum xala malik Gövhər Beydullayeva ilk sırada yer alıb. Liderdən yarım xal geri qalan Fətəliyeva ikinci yerdədir. Balacayeva 2 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, dairəvi sistem üzrə yeddi turdan ibarət yarışa mayın 23-də yekun vurulacaq. Çempionatın mükafat fondu 11 400 manat təşkil edir. Qalib 4000 manat qazanacaq.