
2015-ci ildə Azərbaycan güləşçiləri iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda - Avropa və dünya çempionatlarında 82 medal qazanıblar. Sportnet.az-ın federasiyanın rəsmi saytına istinadən məlumatına görə, medallardan 25-i qızıl, 17-si gümüş, 40-ı bürünc olub.
"Bakı 2015" I Avropa Oyunlarında 24 idmançı ilə təmsil olunan Azərbaycan güləş yığması 15 (6 qızıl, 2 gümüş və 7 bürünc) medal qazanıb. Azərbaycan idmançılarının I Avropa Oyunlarının proqramına daxil edilən 20 idman növündən 12-də qazandığı 56 medaldan ən çoxu (15 medal) da məhz güləşçilərin payına düşüb.
İl ərzində pəhləvanlar bir sıra yerli və beynəlxalq səviyyəli turnirlərdə qüvvələrini sınayıblar. Bunların arasında 3 mötəbər yarış – Dünya kuboku, Bakı-2015 Avropa Oyunları, eləcə də ABŞ-ın Las-Veqas şəhərində keçirilən və 2016-cı il Rio-de-Janeyro Yay olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı Azərbaycan idmançılarının uğurlu çıxışı ilə əlamətdar olub. Yunan-Roma güləşi üzrə yığma komanda fevralda İranın paytaxtı Tehranda keçirilmiş Dünya kubokunun qalibi olub. Sərbəst güləş yığmamız isə analoji yarışı üçüncü sırada tamamlayıb.
Dünya çempionatında güləş yığmamız ümumilikdə 2 qızıl, 3 gümüş və 3 bürünc olmaqla 8 medal və olimpiadaya 11 lisenziya qazanıb. Dünya çempionatında yaddaqalan məqamlardan biri də Hacı Əliyevin ölkənin sərbəst güləş tarixində ilk dəfə olaraq ikiqat dünya çempionu adına layiq görülməsi olub.
2015-ci ildə həm də ilk dəfə 23 yaşa qədər güləşçilərin (U-23) Avropa çempionatı keçirilib. Azərbaycan yığması çempionatı 1 qızıl, 2 gümüş və 6 bürünc medalla tamamlayıb.
Bu il Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə gənclər arasında Avropa çempionatında Azərbaycan pəhləvanları ümumilikdə 15 medala (5 qızıl, 4 gümüş, 6 bürünc) sahib olublar. Gənc qızlardan ibarət yığmamız komandalar arasında ən çox sayda - 6 medal qazanmaqla həm yeni tarix yazıb, həm də komanda hesabında Avropa çempionu tituluna layiq görülüb.
Braziliyanın Salvador da Bahiya şəhərində keçirilən gənclər arasında Dünya çempionatında Azərbaycan yığması 12 (7 qızıl, 2 gümüş və 3 bürünc) medal qazanıb. Sərbəst güləşçilərimiz qızıl medalların sayına görə bütün komandaları qabaqlayaraq dünya birincisi olub və güləş tariximizdə yeni bir səhifə yazıb.
2015-ci il yeniyetmə güləşçilərimiz üçün də uğurlu olub. Pəhləvanlarımız Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda təşkil edilən dünya çempionatında 11 (1 qızıl, 1 gümüş və 9 bürünc), Serbiyanın Subotiça şəhərində keçirilən Avropa çempionatında isə 9 (3 qızıl, 1 gümüş və 5 bürünc) medal qazanıblar.
Bundan başqa, yığma komandalarımız bu il səkkizinci dəfə keçirilən Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran Prinin final mərhələsi (5 qızıl, 8 gümüş və 8 bürünc medal) də daxil olmaqla, iştirak etdikləri digər beynəlxalq turnirlərdə 246 medal qazanıblar. Bu medalların 65-nin əyarı qızıl, 72-si gümüş və 109-nun əyarı isə bürünc olub.
Bütövlükdə, 2015-ci il ərzində 328 (90 qızıl, 89 gümüş, 149 bürünc) medal qazanan güləşçilərimiz ötənilki nəticəni (294 medal) yeniləyib. Bu medallardan 155-i yeniyetmə, 69-u gənc güləşçilərin payına düşür. U-23 Avropa çempionatında 9 medal qazanan güləşçilərimiz böyüklərin yarışında isə il ərzində 95 medala sahib olub. Onlardan 139-nu sərbəst, 131-ni yunan-Roma güləşçiləri qazanıb, 58 medal isə qadın güləşçilərin payına düşüb.