Sportnet.az Azərbaycan Kubokuna biganəliyin səbəbini aydınlaşdırmaq üçün araşdırma aparıb...
Ölkə kuboku nəyə lazımdır?
Bu yarışın bir neçə əhəmiyyəti var. Əvvəla, aşağı divizionlardakı klublar elita təmsilçiləri ilə mübarizə apararaq, təcrübələrini və oyun səviyyələrini yüksəldirlər. Ölkə kuboku yüksək və hətta aşağı liqada lazımi yerləri tuta bilməyən komandalara qitəmiqyaslı yarışlara vəsiqə imkanı yaradır. Dəfələrlə olub ki, aşağı liqa komandaları elitada yarışanlara başağrı yaradıb. UEFA da ölkə kuboku yarışlarının səviyyəsinin artırılmasını milli federasiyalara tövsiyə edib. Doğrudan da Azərbaycan Kuboku belə vecsizdirsə, nəyə görə digər ölkələrin aparıcı klubları bu yarışa ciddi-cəhdlə hazırlaşırlar, diqqət ayırırlar? Dünyanın əksər ölkələrində bu praktikadan istifadə olunur. Uzağa getməyək, yaxın Rusiya, Türkiyədə bölgənin aşağı divizion klubları güclü elita təmsilçiləri ilə oyunlarda meydana maksimum gücü ilə çıxır, rəqiblərlə başabaş mübarizə aparırlar. Zəif adlandırılan aşağı dəstə klublarının nəhənglərə ciddi müqavimət göstərməsinin isə dəfələrə şahidi olmuşuq. Ortada Rusiyanın "Tosno" və Türkiyənin "Pendikspor" nümunələri var.
Azərbaycan variantı
Bizdə isə tam əksinədir. Bu gün kubokdan imtina edən hansı klub rəhbərini dindirirsən, qəribə açıqlamalar verir. Məsələnin ürək ağrıdan tərəfi də var. Təbii ki, söhbət maliyyədən gedir. Azərbaycanda idmana, o cümlədən futbola dövlət tərəfindən ciddi qayğı göstərildiyi vaxtda I Divizion klublarımız acınacaqlı durumdadırlar. Bunu əyani və rəsmi şəkildə klub rəsmilərinin dilindən də öyrəndik. I Diviziondan 8 klubun Azərbaycan kubokundan imtinasının səbəbi sırf maliyyə ilə bağlıdır. Təəssüf ki, futbolumuzun inkişafını hər addımbaşı önə çəkən rəhbərlərin, əslində, millətə yalan satdığı bir daha təsdiqini tapır. Bu gün hansısa klubun kubok oyunu üçün bölgədən paytaxta, yaxud başqa bir regiona səfər etməsi o qədər problemli məsələdir ki, birdən-birə 8 klub kubokdan boyun qaçırır. Bu da bir növ futbolumuzdakı acınacaqlı vəziyyətin real mənzərəsini yaradır. Telefon açdığımız klub rəsmiləri də məhz madiyyatı əsas səbəb kimi göstərərək kubokdan imtinalarını pulsuzluqla əsaslandırdılar.
Çarəsiz durumda qalan PFL
Klubların imtinası qarşısında kubokun təşkilinə cavabdeh qurum – Peşəkar Futbol Liqası (PFL) da çarəsiz qalıb. Belə aydın olur ki, klubların istər maddi, istərsə də digər səbəblərdən kubokdan imtinasına qurum heç bir qadağa qoya bilməz. Eyni zamanda hansısa klubun iştirakına da bir şərait yaratmaları mümkünsüzdür. Hər halda PFL-in Texniki İdman Şöbəsinin rəisi Zamiq Hüseynovla söhbətdən bunu anlamaq çətin olmadı: "Bu klubların nəyə görə kubokda oynamaq istəməmələrinin səbəbini rəhbərlərindən soruşmaq lazımdır. Biz federasiya olaraq bütün klublara müraciət etmişik. O komandalardan maddi səbəbdən, yaxud Premyer Liqa klubları ilə üz-üzə gəlməyə hazır olmadıqlarından kubokdan imtina edirlərsə, artıq bizim bir qurum olaraq edə biləcəyimiz bir şey yoxdur. Nə onlara maliyyə yardımı edə bilərik, nə də kubokda çıxışlarını məcbur. Əgər klub sponsor tapa bilmirsə, bizim yenə əlimizdən gələn nəsə yoxdur. PFL nə etməlidir ki? Klubların səbəb göstərdikləri maddiyyat həqiqətən də ciddi problemdir. Hər bir klubun əvvəldən müəyyən olunmuş büdcəsi var və hesab edək ki, bölgə klublarından birinin kubok oyunu düşdü Naxçıvana. Bunun kifayət qədər əlavə xərcləri var. Bu halda klub ya futbolçuların əmək haqqından kəsməlidir, ya da başqa nəsə".
Hüseynov deyir ki, dünya təcrübasəində yarışı təşkil edən qurumun kubokda iştirak üçün hansısa kluba maddi yardım verməsinə dair fakt yoxdur. Üstəlik, maddi yardım da çıxış yolu deyil: "Klub rəsmiləri cəhd göstərib sponsor cəlb etməlidirlər, bir az marketinqə önəm versinlər. Bizim klublara maliyyə dəstəyi verməyə ixtiyarımız yoxdur. İkincisi isə biz onlara sponsor tapası deyilik. Bizi turnirin formatı, təşkilati işləri, problemləri maraqalandırır. Yerdə qalan məsələlər birbaşa klubun şəxsi işləridir. Əgər bir komanda rəsmisi etiraf edirsə ki, maddi problemlərimiz var, bu, artıq bizlik məsələ deyil. Əlbəttə, biz də istəyirik ki, Azərbaycan kubokunda I Divizion komandası finala qədər irəliləsin. Lakin bu, reallıq deyil. Kubokun formatında nəsə dəyişiklik etsək, tutaq ki, PFL belə bir şərt qoysa ki, bütün klublar yarışda iştirak etməlidir, bu da çıxış yolu sayılmır. Üzdə olan çatışmazlıqları həll etmək asandır. Problem əgər daxildədirsə... Bizdə klublardan üzvlük haqqı tələb edilmir. Tək kubokda yox, Premyer Liqa, birinci divizion, ümumiyyətlə, PFL-in keçirdiyi istənilən yarışda iştirak pulsuzdur. Sadəcə, öz millilərində oynamayan legionerlərdən üzvlük haqqı alınır”.
Elvin ƏHƏD