Yüngül atletika üzrə 9 qat olimpiya çempionu Useyn Bolt gələcək planları ilə bağlı danışıb. Sportnet.az-ın məlumatına görə, yamaykalı atlet "Bild" nəşrinə müsahibəsində idmançı karyerasını başa vurduqdan sonra Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasında (İAAF) çalışmaq istədiyini deyib.
O, idmana kömək etməyin gərəkliyini vurğulayıb: "Hazırda idmanda özümü necə motivasiya edəcəyimi bilmirəm. Kiməsə nəsə sübut etmək üçün heç bir stimulum yoxdur".
İAAF-ın prezidenti Sebastyan Kou isə bir müddət əvvəl məsələ ilə bağlı danışıb: "Onun köməyindən istifadə etmək mənim xoşuma gələr. İstəyirəm ki, Bolt karyerasını bitirdikdən sonra da idmanda qalsın".
Qeyd edək ki, Useyn Bolt "Pekin-2008", "London-2012" və "Rio-2016" Yay Olimpiya Oyunlarında ümumilikdə 9 qızıl medal qazanıb. Üstəlik, o, 100 metr (9.58 saniyə) və 200 metr (19.19 saniyə) məsafəyə qaçışda dünya rekordlarının sahibidir. Atlet bununla yanaşı, 4x100 metr məsafəyə qaçışda da rekord müəyyənləşdirib.









                 





    
    
    
    
    
    
    
    
    






















































