Martın 1-də İngiltərənin Birmingem şəhərində start götürəcək qapalı məkanda atletika üzrə dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə yığmanın baş məşqçisi Məhərrəm Sultanzadə məlumat verib. Onun sözlərinə görə, dörd gün davam edəcək yarışa cəmi 2 kişi atlet lisenziya qazanıb. Aleksis Kopelyo 3 təkanla uzununa tullanma, Hayle İbrahimov 3000 metr məsafəyə qaçış növlərində mübarizə aparacaq.
Proqrama əsasən, Kopelyo martın 3-də, İbrahimov isə martın 4-də final mərhələsində çıxış edəcək.
Digər azərbaycanlı üç təkanla tullanan Nazim Babayev isə çempionata qatılmayacaq. Sultanzadə Babayevin zədə üzündən qış mövsümündəki yarışları buraxacağını bildirib.(Report.az)