
Çimərlik futbolu üzrə dünya çempionu Rusiya komandası tarixə düşmək üçün əlindən gələni edəcək
Rusiya komandası birinci Avropa Oyunlarında çimərlik futbolunda kişilər arasında turnirə favorit kimi qatılır. Sportnet.az-ın məlumatına görə, onlar çimərlik futbolu üzrə FİFA Dünya kuboku və Avropa Liqasının ikiqat qalibidirlər.
Rusiya Çimərlik Futbolu Federasiyasının prezidenti cənab Sergey Şamray mətbuat konfransında bildirib ki, Rusiya komandası ikiqat dünya çempionu kimi Bakıya ən güclü heyətlə yollanır: "Bizim məqsədimiz nədir? Məqsədimiz maksimal nəticədir”.
Rusiya komandasının baş məşqçisi Mixail Lixaçov da onun fikirlərini bölüşüb: "Bu, çimərlik futbolu tarixində yeni səhifədir. Bizim komandamız bu yarışın ilk qalibi kimi tarixə düşmək üçün əlindən gələni edəcək".
Lixaçov mümkün isti hava şəraitinin Rusiya komandasına təsir edəcəyindən narahat olmadığını bildirib: "Bizim komandamız müxtəlif hava şəraitində çıxış etmək təcrübəsinə malikdir. Bundan başqa, komandamızın oyunları axşam saatlarında keçiriləcək ki, onda da hava sərin olacaq" - deyə, məşqçi fikirlərini tamamlayıb.
Lixaçovun fikrincə, Bakı 2015-də çıxış edən səkkiz komandanın hər biri medallar uğrunda mübarizə aparacaq. Bununla belə, o, Portuqaliya, İsveçrə və İspaniya komandalarının daha yaxşı çıxış edəcəyini gözləyir.
Rusiya komandası B qrupunda Macarıstan, İtaliya və İspaniya ilə mübarizə aparacaq. Qrupdakı ən yaxşı iki komanda, Azərbaycan, Portuqaliya, İsveçrə və Ukraynanın yer aldığı A qrupunun ən yaxşı iki komandası ilə yarımfinal mərhələsində qarşılaşacaq.