Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirə turnirində Azərbaycan himninə hörmətsizlik edilib. Sportnet.az-ın məlumatına görə, hadisə 1997-ci il təvəllüdlülərdən ibarət Azərbaycan və Rusiya-2 yığmaları arasında görüş öncəsi baş verib.
Komandaların meydanda düzülüşü zamanı dövlət himnimiz səsləndirilməyə başladıqdan bir neçə saniyə sonra saxlanılıb. Tezliklə himn bərpa olunub, amma cəmi bir dəqiqədən sonra yenidən dayandırılıb və Rusiyanın himni səsləndirilməyə başlayıb. Düzdür, şimal qonşularımızın himni də bir dəqiqədən sonra dayandırılıb. Amma Azərbaycan himninin 2 dəfə yarımçıq dayandırılması birmənalı qəbul oluna bilməz.
Himnin səsləndirilməsi zamanı baş vermiş xoşagəlməz halı aşağıda təqdim etdiyimiz videonun 21:37-ci dəqiqədən sonra izləyə bilərsiniz...