"Klublar Komitəsi və Məşqçilər Komitəsinin yaradılma ideyası mənə məxsusdur". Belə sensasion açıqlamanı Sportnet.az-a AFFA-nın ilk prezidenti Fuad Musayev verib.
F.Musayev bildirib ki, bir müddət öncə xüsusi təkliflər hazırlayaraq, müzakirəyə çıxarılmasını istəyib. O, həmin təklifləri veteran futbolçulara təqdim edib. Veteranlar isə AFFA-nın hazırkı rəhbərliyini bu barədə məlumatlandırıblar. Təkliflərlə tanış olan baş katib Elxan Məmmədov hər iki komitənin yaradılmasını ağlabatan ideya kimi dəyərləndirib.
Futbol təsərrüfatının sabiq rəhbərinin sözlərinə görə, Peşəkar Futbol Liqası (PFL) ləğv olunmalıdır: "Çempionatı AFFA keçirməlidir. Axı PFL-ə nə lüzum var? 10 komanda ilə keçirilməyə başlanan çempionatda cəmi 9 komanda oynayır, onların da yarıdan çoxu Bakını təmsil edir".
F.Musayev bildirib ki, Azərbaycan klublarının milli komandadan yaxşı nəticə göstərməsi ölkəmizə heç nə vermir: "Klublar yığmaya oyunçu yetişdirmirlərsə və onların hazırladıqları futbolçularla milli komanda FİFA reytinqində 136-cı pilləyə enibsə, belə çempionatın, klublarımızın avrokuboklarda qrup mərhələsinə yüksəlmələrinin nə əhəmiyyəti var?"
Qeyd edək ki, Fuad Musayev 1992-2003-cü illərdə AFFA-nın prezidenti olub.