
"Bakı"nın futbolçusu Nurlan Novruzov mətbuat səhifələrindəki açıqlamaları ilə əlaqədar klubdan üzr istəyib. Bu barədə Sportnet.az-a klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib.
Y.Seyidovun sözlərinə görə, 22 yaşlı hücumçu az öncə klubun bazasına gələrək, onunla görüşüb. N.Novruzov son günlər klub əleyhinə dediklərini cavanlıq səhvi adlandırıb və bağışlanmasını xahiş edib: "Biz də onun gənc və perspektivli futbolçu olduğunu nəzərə alaraq, bağışladıq. Nurlan sabahdan start verəcəyimiz təlim-məşq toplanışımıza qatılacaq".
Klub rəsmisi problemin həllində mətbuatın da rolunu qabardaraq, Sportnet.az-a təşəkkür etməyi də unutmayıb: "Yanvarın 10-da agentliyinizdə dərc olunan müsahibəmin bu məsələnin yoluna qoyulmasında böyük rolu oldu. Həmin müsahibə ilə AFFA rəhbərliyi də tanış oldu və problemin həllində köməyini əsirgəmədi. Buna görə klubumuza dəstək olan Sportnet.az-a və digər mətbu orqanlara, eləcə də AFFA rəhbərliyinə minnətdarlığımı bildirirəm".
Qeyd edək ki, Nurlan Novruzov "Bakı"nın ona 15 ayadək əmək haqqı borcunun olduğunu bildirərək, klubun məşqlərinə qatılmırdı. O, azad agent statusu ilə başqa komandaya keçmək istədiyini bildirirdi. Klub isə onun iddialarını həqiqətə uyğun olmadığını deyərək, üzr istəməyəcəyi halda, məşqlərə buraxılmayacağını açıqlamışdı. Klubdan getməsi üçün isə "Bakı" N.Novruzovdan kompensasiya tələb edirdi.