Azərbaycan millisində oynamağa razılıq verdikdən sonra İspaniyanın "Qranada" klubunun futbolçusu Eddi İsrafilovun işləri heç də yaxşı getmir. Sportnet.az-ın məlumatına görə, İsrafilovun çıxış etdiyi "Qranada" klubu İspaniya Kubokunda mübarizəni dayandırıb.
Onun komandasını 1/8 final mərhələsinin cavab görüşündə "Sevilya" darmadağın edib. Üstəlik, İsrafilov matçın nəinki "11-liy"inə, heç sifariş ərizəsinə daxil edilməyib. Halbuki 23 yaşlı hücumameylli yarımmüdafiəçi ilk qarşılaşmada 90 dəqiqə meydanda olub. Həmin oyunda "Qranada" 1:2 hesabı ilə uduzub. Ertəsi gün isə İsrafilov yığmamızda oynamağa rəsmən razılıq verib. Ötən həftəsonu isə onun adı "Qranada"nın İspaniya La Liqasında "Real Sosyedad"la keçirdiyi 18-ci tur matçının iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, Eddi İsrafilov İspaniya vətəndaşıdır. Bu səbəbdən, onun Azərbaycan millisindən dəvəti qəbul etdikdən sonra La Liqada oynamasında problem yoxdur.