İngiltərə futbolunun əfsanəsi Toni Adams "Qəbələ” idman klubunda yeni vəzifəyə təyin olunub. Sportnet.az-ın məlumatına görə, T.Adams bundan sonra klubda futbol direktoru vəzifəsində çalışacaq.
İngiltərə millisində və "Arsenal”dakı çıxışları ilə məşhurlaşan sabiq müdafiəçi bunadək "Qəbələ"də iki fərqli vəzifədə çalışıb. 2010-cu ilin yayında Azərbaycandakı fəaliyyətinə baş məşqçi kimi başlayan T.Adams 2011-ci ilin noyabrınadək "qırmızı-qaralar”ın "sükanı arxasında” olub. Bu müddətdə komandanı 47 rəsmi matça çıxaran mütəxəssis 2012-ci ilin aprelindən futbol direktoru təyin olunanadək "Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərovun müşaviri vəzifəsində fəaliyyət göstərib.
Qeyd edək ki, "Qəbələ”yə qədər vətənində "Uikomb” və "Portsmut” klublarını çalışdıran Toni Adams zəngin futbolçu karyerası ilə tanınıb. 49 yaşlı veteran karyerası ərzində yalnız bir klubun "Arsenal”ın formasını geyib və 500-dən artıq matç keçirdiyi komandada 14 il kapitan olan müdafiəçi İngiltərə yığmasında 66 matç keçirib.