
"Roman Qriqorçuk "Çernomorets"dəki işi ilə nəyə qadir olduğunu sübuta yetirmişdi. Bu səbəbdən, onunla təkcə "Qəbələ" maraqlanmırdı. Lakin Azərbaycan klubu hamıdan cəld və operativ hərəkət etdi. Habelə, konkret məqsəd də rol oynadı. "Qəbələ" avrokuboklarda iştirakı hədəfləyib. Roman İosifoviç o qədər də böyük olmayan klub büdcəsi ilə bu məsələni həll etməyə saf nümunədir". Sportnet.az-ın məlumatına görə, bunu Roman Qriqorçuk və ukraynalı futbolçuların "Qəbələ"yə gəlişində rolu olan ukraynalı FİFA agenti Vadim Şabliy "footboom.com"a müsahibəsində deyib.
O bildirib ki, "Qəbələ" məhz Aleksey Qay, Dmitri Bezotosnı və Ruslan Fomini yeni baş məşqçinin istəyilə seçib. Şabliyin sözlərinə görə, Qriqorçukun digər futbolçuların axtarışına və baxışdan keçirməsinə vaxtı yoxdur. Bu səbəbdən, seçim sınaqdan keçirilmiş döyüşçülərlə bağlı olub: "Onlar "Qəbələ"nin ehtiyac duyulan mövqelərini gücləndirməyə qadirdirlər".
Qay "Çernomorets"də çıxış etdiyi vaxt Ukrayna çempionatının 10-cu turunda "Karpatı" ilə oyun öncəsi Ukrayna ordusuna dəstək məqsədilə aksiyada iştirakdan imtina edib. O, üzərində "Yaşasın Ukrayna ordusu!" yazılmış futbolkanı geymək istəməyib. Halbuki "Çernomorets" və "Karpatı"nın digər futbolçuları bu aksiyanı formanı geyinərək dəstəkləyiblər. Şabliy isə bildirib ki, Qayın Ukraynadan gedişində bu hadisənin rolu olmayıb: "Əsla yox. Aleksey öz ölkəsini sevir və yığmada da çıxış edib. Qayın Azərbaycana gəlişində "Qəbələ" və Qriqorçukdan aldığı dəvət əsas rolu oynayıb".
FİFA agentinin fikrincə, Odessa komandasının sabiq futbolçuları "Qəbələ"yə keçməklə maliyyə baxımından heç nə itirməyiblər. Onun fikrincə, transferlər çox sakit həyata keçirilib, futbolçular məmnundurlar. "Qəbələ" də belə güclü futbolçularla müqavilə bağladığı üçün razıdırlar".
Şabliy Türkiyənin Antalya bölgəsində "Qəbələ"nin futbol direktoru Toni Adamsla görüşündən də danışıb. Onun sözlərinə görə, Adams Qriqorçuk və ukraynalı futbolçuların "qırmızı-qaralar"a keçidindən çox şad olub: "Adams Ukraynaya və bizim futbolçulara yaxşı münasibətdədir. Böyük peşəkardır, özünə aid işlə məşğuldur və Qriqorçuka hər cür dəstək verəcəyini bildirib".
Sonda Şabliy "Çernomorets"in daha bir keçmiş oyunçusu Vladimir Arjanovun "Qəbələ"yə yox, "Atırau"ya keçidinin səbəbini açıqlayıb: "Qəbələ rezindən deyil. Hərçənd, imkan olsaydı, Qriqorçuk daha çox futbolçunu öz komandasında görmək istərdi. Arjanovu "Atırau"nun baş məşqçisi Vladimir Nikitenko hələ yarım il öncə "Aktobe"nin baş məşqçisi olduğu vaxt dəvət etmək istəyirdi. Amma həmin vaxt yox, indi alındı".