
Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərovun 6 - 10 mayda keçiriləcək "Tour d’Azerbaïdjan" veloyürüşü ilə bağlı Sportnet.az-a müsahibəsi
- "Tour d’Azerbaïdjan-2015"də hansı yeniliklər gözlənilir?
- Bu, ölkəmizin dünyaya daha yaxşı tanıdılmasına xidmət edən yarışdır. "Tour d’Azerbaïdjan" bu il artıq 3-cü dəfə keçiriləcək. Yarışda dünyanın 24 ölkəsindən 25 komanda iştirak edəcək. Onlardan 4-ü pro-kontinental, "Synergy Baku" da daxil olmaqla 17-si kontinental, 4-ü isə milli komandadır. Dünyada cəmi 19 pro-kontinental komanda var və onun da 4-ü Azərbaycan turunda iştirak edəcək. Beynəlxalq Velosipedçilər İttifaqı tərəfindən yarışa kifayət qədər yüksək təsnifat - 2.1 kateqoriyası verilib. Bu dəfə iştirakçılar 10-dan artıq rayonun ərazisindən keçəcək. Əvvəlki illərdən fərqli olaraq, bu il Mingəçeviri də siyahıya əlavə etdik. Ona görə ki, Avropa Oyunları zamanı Mingəçevirdə avarçəkmə yarışları keçiriləcək. Bunu etməkdə məqsədimiz Oyunlara bir ay qalmış dünya ictimaiyyətinin diqqətini bu şəhərə cəlb etməkdir. Ötən il biz bunu Sumqayıtın timsalında etdik və çox müsbət qarşılandı. Çalışırıq ki, əhatə dairəsini yavaş-yavaş genişləndirək. 2014-cü ildə keçirilmiş "Tour d’Azerbaïdjan"a "Eurosport" kanalı vasitəsilə 28.6 milyondan artıq tamaşaçı baxmışdı. "Eurosport"un hesablamalarına görə, 15 milyondan artıq adam onların saytı vasitəsilə bu yarışla bağlı məlumatları izləyib. Bu isə o deməkdir ki, artıq Azərbaycana kifayət qədər böyük maraq var. Bu baxımdan bu il də çalışacağıq ki, yarışları çox yüksək səviyyədə keçirək. Keçən il yarışın son mərhələsini tamaşaçılar "Eurosport"da canlı yayımda izləyə bildilər. Bu il isə son 3 mərhələ "Eurosport"la canlı yayımlanacaq. Bundan başqa, "İdman Azərbaycan" kanalı 5 mərhələnin hamısını tamaşaçılara birbaşa efirdə təqdim edəcək.
- Marşrutda İsmayıllı yolları da var və bu yollar dağ aşırımlıdır. Avtomobillə getdikdə bu bir qədər təhlükəli görsənir...
- Azərbaycanda əksər yollar velosiped sürmək üçün yararlı vəziyyətdədir. "Tour d’Azerbaïdjan"ın marşrutunda olan yolların hamısı qısa istisnalar olmaqla, yararlı vəziyyətdədir. Qonaqlarımız hətta təəccüb edirlər ki, sizdə belə yollar var. Bircə İsmayıllıda Muğanlıdan sonra qısa bir məsafə var ki, ora sürüşmə zonasıdır. Hər il qışdan sonra təmir olunur. Mənim istədiyim odur ki, Ağsu aşırımının təmiri başa çatsın. Bu hissədə bir neçə ildir ki, əsaslı təmir işləri gedir. İşlər başa çatdıqdan sonra marşruta Ağsu aşırımını da salmaq istəyirik. Belə olsa, kifayət qədər gözəl marşrut alınacaq.
- "Tour d’Azerbaïdjan"ın beynəlxalq yarışlarda reytinqi hansı səviyyədədir?
- Çox yüksək səviyyədədir. Sizə bir nümunə göstərim. Rusiya və Qazaxıstanın kifayət qədər güclü velosiped komandaları var. Amma onlar belə turlar keçirə bilmirlər. Biz onlardan fərqli olaraq, birinci başlayanda ən ağır işə girişdik. Qazaxıstan yalnız ötən il birgünlük "Almatı turu" keçirdi. Yarışı keçirməzdən əvvəl isə onlar bizə rəsmi müraciət etdilər. Qazaxıstanın Daxili İşlər Nazirliyi, Yol Patrul Xidmətindən 11 nəfər Bakıya gələrək bizim təcrübəmizi öyrəndilər. Rusiyada belə turlar ayrı-ayrı regionlar üzrə keçirilir. Maraqlı bir şey deyim - biz ilk dəfə 2012-ci ildə Ümumilli Liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş gənclər arasında tur keçirdik. Amma sonra baxdıq ki, İran İslam Respublikasında 17 ildir ki, Təbriz ətrafında "Tour of Azerbaijan" adı ilə yarış keçirilir. Amma heç kəs bunu bilib, demirdi. Ölkənin adına sahib çıxmaq lazımdır. Biz bu məsələni Beynəlxalq Velosipedçilər İttifaqı qarşısında qaldırdıq və dedik ki, Azərbaycan adlı dövlət buradadır. Qoy, onlar öz yarışlarına başqa ad tapsınlar. İranın qarşısında qadağa məsələsi qaldırıldı və Beynəlxalq Velosipedçilər İttifaqı bizi dəstəklədi. İndi onlar "Tour of İran" keçirirlər. Bizim komandamız da orada iştirak edir və yaxşı yerlər tutur. Dediyim kimi, bizim yarışın kateqoriyası 2.1-dir və bu, böyük yarışdır. Almatı kimi şəhərin 2006-cı ildən dünya səviyyəli komandasıı var, amma yalnız keçən il birgünlük tur keçirdilər. Amma biz birinci kateqoriyalı yarış təşkil edirik. Bundan sonra isə HC kateqoriyası gəlir. Türkiyədə bu yarışlar 51 ildir ki, keçirilir. Ondan sonra Dünya Turları gəlir. Bu səviyyəli yarışlarda 17-18 komanda iştirak edir və ora çıxmaq üçün çox yüksək səviyyəli idmançılar olmalıdır. Düşünürəm ki, yaxın gələcəkdə bizim komandamızın da dərəcəsi yüksələcək.
- "Sinergy Baku"da yerli velosipedçilərin hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?
- "Synergy Baku" komandası artıq 3-cü ildir fəaliyyət göstərir. Kifayət qədər yaxşı işləyirlər və artıq dünyanın hər yerində onları yetərincə tanıyırlar. Komandada güclü idmançılar var. Əvvəllər velosipedçi yox idi. Ancaq bu gün yarısından çoxu - 8 nəfəri azərbaycanlıdır. Yeniyetmələr də var. Düşünürəm ki, yaxın gələcəkdə bu komanda prokontinental olacaq. Yəni, yalnız qitə yox, dünya səviyyəli komandaya çevirmək fikrimiz var. Bunun üçün bizim yavaş-yavaş maddi-texniki imkanlarımız da yaranır.