“Görüşlərə psixoloji hazır deyildim. Dünən yaşananları başımdan ata bilmirdim. Nə qədər çalışsam da, ata bilmədim”.
Bunu Sportnet.az-a açıqlamasında Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında medal və lisenziyasız qalan Hacı Əliyev deyib.
65 kq çəkidə çıxış edən üçqat dünya və üçqat Avropa çempionu 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına qədər gücünü saxlayacağını söyləyib. O, bugünkü təsəlliverici və ötən gün rusiyalı Hacımuad Rəşidovla görüşləri barədə də danışıb: “Misirli rəqibimə nəzərən yaponiyalı güclü idi. Son saniyələrdə nə qədər çalışsam da, alınmadı. Rusiyalı ilə görüşdəki türkiyəli referini mən erməni kimi görürəm. Onun etdiyi şərəfsizlikdir. Elə bu cür də yazın. Bunun başqa adı yoxdur. Hücumu edən mən, amma 4 xal əvəzinə rəqibə xal verir. Artıq qazandığımı əldə etmişəm. Onunla üz-üzə gəlsəm, vuraram. Hər şeyin bitən yeri var. Mən də gec-tez bitirməliyəm. Amma həvəsdən düşmürəm, olimpiadaya qədər gücümü saxlayacağam, ruhdan düşməyəcəyəm. Gələn il lisenziya turnirlərindən birinə qatılıb "Tokio-2020"yə vəsiqə qazanmağa çalışacağam”.