"Spa-Frankorşam" avtodromunun direktoru Natali Maye öz evində ölü tapılıb. Sportnet.az-ın "Sudinfo"ya istinadən məlumatına görə, qadının meyiti səhər saatlarında aşkarlanıb.
Versiyalardan biri qətli Mayenin əri Frants Dübuanın törətməsidir. Dübuanın Natalidən əlavə, evdə həyat yoldaşı ilə birgə olan oğlan dostunu və onun məşuqəsini öldürdüyü və daha sonra intihar etdiyi bildirilir. Cinayətin mümkün motivi kimi qısqanclıq göstərilir.
Dübua da Belçikanın avtomobil idmanında kifayət qədər tanınmış şəxsiyyət sayılır. O, məşhur "VW Fun Cup" seriyasının və komandalardan birinin təsisçilərindən olub. Faciəvi hadisənin əlavə təfərrüatları açıqlanmır.
Qeyd edək ki, "Spa-Frankorşam" Avropanın ən qədim yarış traslarındandır. Bu trasda ilk mübarizə 1921-ci ildə keçirilir. Ən çox qələbəyə isə əfsanəvi Mixael Şumaxer nail olub.