"Formula 1 üzrə" 2022-ci il Azərbaycan Qran-pirisinə qatılmaq istəyən könüllülərin qeydiyyat mərhələsi artıq yekunlaşıb.
Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən Sportnet.az-a verilən məlumata görə, yanvarın 31-dən qeydiyyatı uğurla başa vuran könüllülərin müsahibə mərhələsi start götürüb.
Bildirilib ki, Bakıda baş tutacaq yarışa və ümumilikdə könüllülük fəaliyyətinə olan marağın nəticəsində yanvarın 14-də başlamış qeydiyyat prosesi cəmi 4 gün sonra başa çatıb. Bu müddətdə ümumilikdə 8 000-dən çox müraciət qəbul olunub.
Müsahibə mərhələsində namizədlərin motivasiyasına, dil biliklərinə, eləcə də könüllü kimi əvvəlki tədbirlərdə təcrübəsinə, "Formula 1" yarışlarında işləmək məqsədi, tədbirə verə biləcəyi töhfələr və digər şəxsi bacarıqlarına xüsusi diqqət yetirilir.
Müsahibədən uğurla keçən könüllülər "Ümumi təlimlər" mərhələsinə dəvət alacaq.
Bundan əlavə, könüllülərin fərdi və peşəkar inkişafları üçün Baku City Circuit (BCC) Akademiyasında müxtəlif təlimlər, seminarlar və danışıq klubları təşkil ediləcək.