“Qarabağ”dan ayrılan qapıçı Fabian Buntiç Portuqaliyanın “Farense” klubuna transfer olunub.
Sportnet.az-ın məlumatına görə, 29 yaşlı qolkiper II Liqa klubuna sonradan uzadıla bilməsi şərti ilə 1 illik müqavilə əsasında keçib.
Almaniya və Xorvatiya vətəndaşlığına malik oyunçu iki illik aradan sonra Portuqaliyaya qayıtmasından məmnun olduğunu bildirib: “Portuqaliyada evlənmişəm, burada yaşamağın necə olduğunu bilirəm və bu ölkədə hansı futbolun oynandığını da yaxşı anlayıram, buna görə qərar vermək çətin olmadı".
Buntiç transfer qərarından əvvəl klub barədə məlumat topladığını da vurğulayıb: “Farense" haqqında çox yaxşı şeylər eşitmişdim. Danışıqlar irəlilədikcə daha çox məlumat topladım və klubun ambisiyaları ilə mənim hədəflərimin üst-üstə düşdüyünü gördüm. Bu məni daha da inandırdı. Burada olduğum üçün qürurluyam".
O, Azərbaycanda qazandığı təcrübəyə də toxunub: “Burada Almaniya və Portuqaliyadan fərqli futbol mədəniyyəti gördüm. Amma Çempionlar Liqası və Avropa Liqası kimi böyük turnirlərdə oynamaq mənə çox şey öyrətdi. Daha böyük təcrübə ilə qayıdıram".
Buntiç yeni klubunda maksimum səylə çalışacağını qeyd edib: “Hər zaman 100 faizimi verəcəyəm, peşəkar olacağam və komandanın uğuru üçün var gücümlə çalışacağam".
Təcrübəli qolkiper “Farense”yə keçidinin onun üçün asan qərar olduğunu da əlavə edib, çünki Portuqaliya onun ailəsi ilə birlikdə yaxşı tanıdığı bir ölkədir.
Qeyd edək ki, Fabian Buntiç "Qarabağ"a gələnədək 2022 - 2024-cü illərdə Portuqaliyanın "Vizela" komandasının formasını geyinib.










































































