Azərbaycan millisi Moldovanın paytaxtı Kişineuda keçirilmiş 23 yaşadək cüdoçular arasında Avropa çempionatının qalibi olub.
Sportnet.az-ın məlumatına görə, böyük məşqçilər Elxan Məmmədov və Slavko Tekiçin başçılığı altında çıxış etmiş kollektiv 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb.
Yığma üzvlərindən İslam Rəhimov (66 kq) və Kənan Nəsibov (+100 kq) qızıl, Ömər Rəcəbli (81 kq) gümüş, Aslan Kotsoyev (90 kq) bürünc medala sahib olub.
Bundan başqa, Vüqar Talıbov (90 kq) 5-ci, Vüsal Qələndərzadə (81 kq) 7-ci yeri tutub.
Beləliklə, yalnız kişilərin mübarizəsində təmsil olunmasına baxmayaraq, Azərbaycan ümumi hesabda 38 ölkə arasında birinci yeri tutub. İtaliya 2 qızıl, 7 bürünc medalla 2-ci, Fransa 1 qızıl, 3 gümüş, 2 bürünc medalla 3-cü yeri tutub. İlk "5-lik"ə Gürcüstan (1 qızıl, 2 gümüş, 3 bürünc) və Niderland (1 qızıl, 1 gümüş, 1 bürünc) da düşüb.
Xatırladaq ki, Avropa çempionatında Azərbaycanı 6 çəki dərəcəsində 9 cüdoçu təmsil edib.








































































