Boks üzrə qadınlardan ibarət Azərbaycan millisi ilk dəfə İslamiadada çıxış edəcək.
Sportnet.az-ın məlumatına görə, bu, Səudiyyə Ərəbistanında keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarına təsadüf edəcək.
Yığma üzvü Zeynəb Rəhimova federasiyanın mətbuat xidmətinə açıqlamasında Oyunlara çox ciddi hazırlaşdıqlarını bildirib: "Komandamızın məqsədi yeni uğurlara imza ataraq, yeni tarix yazmaq və ilk dəfə İslamiadada qızıl medal qazanmaqdır".
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarında boks yarışları rəsmi açılış mərasimindən öncə başlayacaq. Noyabrın 5-də start götürəcək döyüşlər 5 gün sonra yekunlaşacaq. Qadınlardan ibarət milli baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında çıxış edəcək. Ər-Riyadda Zeynəb Rəhimova (51 kq), Nərgiz Zeynalova (54 kq), Aynur Mikayılova (57 kq) və Fatimə Mehdiyeva (65 kq) rinqə çıxacaqlar.









































































