Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin təşkilatçılığı ilə cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində ölkə çempionatına hazırlıq məqsədilə hakimlər üçün seminar keçirilib.
Sportnet.az xəbər verir ki, ACF prezidentinin müşaviri Natiq Bağırov və ACF-in hakimlər üzrə meneceri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimlinin rəhbərliyi ilə keçirilən seminar Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə əvvəlcə hakimlərin davranış qaydaları ilə bağlı xatırlatmalar edilib. Daha sonra yuko və vaza-ari xalları arasındakı fərqləndirmələr, “saxta hücumlar” (false attack), eləcə də tatamidən kənara çıxma hallarında nə zaman cərimə xalı (şido) verilməsi mövzuları ətrafında ətraflı müzakirələr aparılıb.

















































































