Dekabrın 23-də Gənclər və İdman Nazirliyi tərəfindən 2025-ci ilin ən yaxşı idmançıları, məşqçiləri və idman ictimaiyyəti nümayəndələrinin mükafatlandırılmasına həsr olunmuş qala mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, “2025-ci ilin Ən Yaxşıları” sorğusunun yekun nəticələrinə əsasən Azərbaycan Cüdo Federasiyası “İlin idman federasiyası” adına layiq görülüb.
Cüdo üzrə qarışıq milli komanda isə Gənclər və İdman Nazirliyinin xüsusi mükafatı ilə təltif edilib.
Mükafatlandırma mərasimində cüdo ailəsinin nümayəndələri fərdi nominasiyalar üzrə də yüksək nəticələr əldə ediblər.
Cüdo üzrə qadınlardan ibarət milli komandanın baş məşqçisi Amina Abdellatif “İlin ən yaxşı qadın məşqçisi” seçilib.
“İlin ən yaxşı hakimi” adına Nazim Umbayev layiq görülüb.
Əməkdar məşqçi Tərlan Həsənov “İlin ən yaxşı idman veteranı” nominasiyasında qalib olub.
Zelim Kotsoyev “İlin ən yaxşı kişi idmançısı”, Südabə Ağayeva isə “İlin ən yaxşı qadın idmançısı” nominasiyalarında ikinci yerə sahib çıxıblar.
Azərbaycan Cüdo Federasiyasının baş sponsoru “Azercell” “İlin ən yaxşı idman dəstəkçiləri” nominasiyasında ikinci yerlə təltif olunub.
Cüdo üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman “İlin ən yaxşı kişi məşqçisi” nominasiyasında ikinci yeri tutub.
Milli komandaların baş həkimi Ramil Vəliyev isə “İlin tibb personalı” nominasiyasında üçüncü yerə layiq görülüb.
Azərbaycan Cüdo Federasiyası əldə olunan bu uğurlara töhfə verən bütün idmançılara, məşqçilərə, mütəxəssislərə və tərəfdaşlara təşəkkürünü bildirir.